Medianews.az
İKİ GENERALIN RƏHBƏRLİK ETDİYİ STRUKTURLAR HAQDA HEYRƏTAMİZ XƏBƏRLƏR
163 baxış

İKİ GENERALIN RƏHBƏRLİK ETDİYİ STRUKTURLAR HAQDA HEYRƏTAMİZ XƏBƏRLƏR

Dövlət Sərhəd Xidməti (DSX) ilə azerinews.org saytı heyrətamiz məlumatlar yayıb. Məlumatlarda bildirilir ki, DSX-də əsgərlər arasında “dedovşina” halları pik nöqtəsinə çatıb və artıq vəziyyət nəzarətdən çıxıb. Sayt konkret faktlara da istinad edib: “Məlumat üçün xatırladaq ki, 10 gün öncə DSX-nin hərbi hissələrindən birində əsgər bıçaqlanmışdı. Bu barədə əsgər Həsənov Sirəddin Əlif oğlunun yaxınları kifayət qədər mətbuata məlumat verib.

Həmçinin məlumatlarda bildirilirdi ki, Sirəddin Həsənov həqiqi hərbi xidmətini gələn ay başa vurmalı imiş. Ölümündən bir neçə gün öncə komandiri tərəfindən döyülən əsgər dekabrın 8-də hərbi hissə yoldaşlarından biri tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq yarası alan əsgərin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Ağdam Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan əsgərin meyiti Mingəçevir şəhərinə gətirilərkən baş verən hadisədən şoka düşən əsgərin yaxınları meyiti gətirən hərbçilərə hücum edib. Nəticədə Dövlət Sərhəd Xidmətinin 10 nəfərə yaxın əməkdaşı xəsarət alıb. Polis hərbçiləri vətəndaşların əlindən ala bilib”.

 


Sayt daha bir bıçaqlanma hadisəsi barədə də yazır: “DSX-nın Naxçıvanda yerləşən N saylı hərbi hissəsinin əsgəri 1993 təvəllüdlü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsindən xidmətə aparılan Hacılı Orxan Asif oğlu da döş qəfəsindən bıçaqlanıb. Əsgərin hərbçi yoldaşları tərəfindən bıçaqlandığı bildirilir. Məlumatda o da qeyd olunur ki, DSX əsgərlərinin arasında ”ştıknoj" ilə vurulma artıq “dəb” halını alıb və rəhbərlik nəyin bahasına olursa-olsun bu məlumatların mətbuata çıxmasını əngəlləyir. Daha dəqiqi, DSX rəisi Elçin Quliyev onsuz da korlanmış reputasiyasını, bir qədər də pis duruma düşməməsinə çalışır".

 


Məlumatlarda bildirilir ki, E.Quliyevin kadrı sayılan general Arzu Rəhimovun yarıtmaz fəaliyyəti onu pis vəziyyətdə qoyub: “Son dönəmlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsgərliyə aparılan gənc əsgərlərin xəstəlikdən ölməsi aranı əməlli-başlı qarışdırıb. Təkcə son çağırışdan sonra üç nəfər bir ayın əsgəri xəstəlikdən ölüb. Əldə etdiyimiz digər məlumatlara görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən son 6 ayda yüzlərlə vərəm xəstəsi Milli Orduya göndərilib və hərbi hissələrdə təkrar müayinədən sonra tərxis edilib».

 


Səfərbərlik Xidməti ilə bağlı saytın yaydığı daha bir fakt da şok effekt yaratmaq gücünə malikdir: “Məlumatlara görə, Səfərbərlik Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən iyul ayında xidmətə göndərilən əsgər Əhmədov Elşən Rabil oğlunun böyrəyinin biri yox imiş. Daha dəqiqi, yeni xidmət bir böyrəyi olmayan çağırışçını əsgərliyə göndərib və qısa müddət keçəndən sonra onun digər yeganə böyrəyi sıradan çıxıb. Hazırda əsgər hospitalda müalicə olunur və həkimlər bütün güclərini səfərbər edərək onun tək böyrəyini qurtarmağa çalışırlar. Məsələnin maraqlı tərəfi isə bundan ibarətdir ki, Səfərbərlik Xidməti istər böyrəyi olmayan, istər vərəm daşıyıcı olan, istərsə də başqa qüsurlu xəstə uşaqları məhz Milli Orduya göndərir. Bu isə kifayət qədər maraqlı məsələdir və bunun təsadüf olduğunu düşünmək sadəcə sadəlövlük olardı”.

 


Qeyd edək ki, belə bir vəziyyətin müşahidə olunduğunu hərbi ekspertlər də bu yaxınlarda “Yeni Müsavat”a və digər media orqanlarına açıqlamışdılar. Hərbi ekspert Üzeyir Cəfərov xəstə çağırışçıların hərbi xidmətə göndərilməsini bir dövlət qurumunun başqa bir dövlət qurumuna qarşı təxribatı da adlandırmışdı.

 

musavat.com

Bizə qoşulun