“Özünü MTN əməkdaşı kimi təqdim edən İsmayıl Musayev sayaq mənəviyyatsız insanın bu qurumla hər hansı bağlılığı yoxdur”.
Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyi (MTN) Turac Zeynalovun ölüm faktı ilə bağlı açıqlamalar verən İbrahim Musayev haqda məlumat yayıb. Orada İ.Musayevin iddialarının yalan olduğu bildirilib və onun özü ilə bağlı maraqlı faktlar açıqlanıb (“Qafqazinfo”). Açıqlamanı olduğu kimi təqdim edirik:
“Son günlər ”Azadlıq” qəzeti və ona istinadən bəzi KİV-də Naxçıvan MR MTN haqda böhtan xarakterli, həqiqətə uyğun olmayan, ictimaiyyəti aldatmağa, siyasi dividentlər və maddi qazanc əldə etməyə hesablanmış məlumatlar yayılır. Özlərini hüquq müdafiəçiləri kimi təqdim edən şəxslər guya hüquqlarını qorumağa “and içdikləri” bir insanı çirkin, heç bir əxlaq normalarına sığmayan şantaj aksiyasının iştirakçısına çeviriblər. “Azadlıq” qəzetinin yaydığı məlumatlarda göstərilir ki, guya Naxçıvan MR MTN-in əməkdaşı İbrahim Musayev adlı şəxs təqib olunduğu üçün xarici ölkələrin birinə qaçıb və MTN-in sifarişi əsasında mərhum Turac Zeynalovun həyat yoldaşı Gülnar Ağayevaya sui-qəsd hazırlanıb. Bildiririk ki, “Azadlıq” qəzeti vasitəsilə özünü MTN əməkdaşı kimi təqdim edən İ.Musayev heç vaxt təhlükəsizlik orqanlarının əməkdaşı olmayıb, bu cür mənəviyyatsız insanın ümumiyyətlə MTN-lə hər hansı formada bağlılığı yoxdur.
Dərc edilmiş şər və böhtan xarakterli məlumatların “qəhrəmanı” barədə aparılmış araşdırmalar zamanı müəyyən edilib ki, Musayev İbrahim Həsən oğlu 1992-ci il, noyabrın 21-də Naxçıvanda anadan olub. Naxçıvan şəhəri, Qoçüstü məhəlləsi bina 2, mənzil 45-də yaşayıb və orada qeydiyyatdadır. Atası Musayev Həsən Kamil oğlu əslən Babək rayonunun Nehrəm kəndindəndir. 15 il əvvəl ailəsini ataraq Rusiyanın Yaroslavl şəhərinə köçüb, Lena adlı qadınla ikinci dəfə ailə quraraq orada yaşayır.
İ.Musayev əvvəllər Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb, əxlaqi-mənəvi keyfiyyətlərinin aşağı olması səbəbindən lisey rəisinin 2008-ci il, 24 yanvar tarixli 18 saylı əmri ilə liseydən qovulub. Təhsilini orta məktəbdə davam etdirən İ.Musayev 2010-cu ildə Naxçıvan Dövlət Universitetinə daxil olub. Universitetin incəsənət fakültəsinin təsviri incəsənət müəllimliyi ixtisasının əyani şöbəsində 2-ci kursadək təhsil alıb, davamiyyəti pozması və intizamsızlığı səbəbindən 2012-ci il, iyulun 8-də 3/248 saylı əmrlə universitetdən xaric edilib. Universitetin 2012-ci il, 26 noyabr tarixli məktubu əsasında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Naxçıvan şəhər idarəsi İ.Musayevin hərbi xidmətə cəlb edilməsi üçün qeydiyyatda olduğu ünvana çağırış göndərib. Lakin çağırışa cavab olaraq Musayev Fərhad Həsən oğlu qardaşı İ.Musayevin ailədaxili münaqişələrə görə bir müddət onlardan ayrı yaşadığını, sonradan isə Rusiyaya getdiyini bildirib. SHXÇDX Naxçıvan şəhər idarəsi 2012-ci il, 3 dekabr tarixli 2/318 və 2/320 saylı məktubla İ.Musayevin tapılaraq hərbi xidmətə cəlb edilməsi üçün Naxçıvan Şəhər Polis İdarəsi və Naxçıvan Şəhər Prokurorluğuna müraciət edib.
İ.Musayevi tanıyan şəxslər onu dələduz, şöhrətpərəst, mənəviyyatsız bir şəxs kimi xarakterizə edib. Məlum olub ki, İ.Musayev ətrafdakılara özünü dövlət orqanlarında yüksək vəzifədə işləyən şəxs kimi də təqdim edib. Belə ki, İ.Musayev qohumu olan xanımı aldadaraq onunla evlənəcəyinə vəd verib və həmin şəxsi “qaçırıb”. Lakin bu şəxsin ailəsi məsələyə müdaxilə etdikdən sonra İ.Musayevin digər bir qohumu ilə də nikahdankənar münasibətlər saxladığı və nəticədə həmin qadının 2 aylıq hamilə olduğu ortaya çıxıb. Bu səbəbdən “qaçırılan” xanım valideynlərinə təhvil verilməyib və İ.Musayev hamilə qadınla evlənməli olub. Onların toyu 2012-ci il, iyunun 5-də Naxçıvan şəhərindəki “Xəyal” restoranında keçirilib. İ.Musayevin ləyaqətsiz hərəkətlərinə görə ailəsi və qohumları toyda iştirak etməyib. Toy xərclərini ödəməyən İ.Musayev babası Həsənov Səyavuş Savalan oğluna məxsus Qoçüstü məhəlləsi, bina 2, mənzil
45-in sənədlərini oğurlayaraq restoranın müdiri Qasımov Əfqan Əli oğluna verib, restoran müdirini aldadıb, özünün MTN-də yüksək vəzifədə işlədiyini bildirərək ona hədə-qorxu gəlib, 1500 manat toy xərcini ödəməkdən yayınıb (toyun videokasetləri pul ödənilmədiyi üçün restoranda qalıb). O, Naxçıvandakı “Ləzzət-qida” MMC-nin əməkdaşı Həsənov Əli Məhəmməd oğlunu da aldadaraq toyu üçün 586,4 manatlıq ərzaq məhsulları götürüb, lakin pulunu ödəməyib. Naxçıvandakı “Gənclik” ticarət mərkəzindəki qadın gözəllik salonunda işləyən Həsənova Fatma Həsən qızından 1200 manat dəyərində gəlin paltarını 350 manata kirayə götürüb, lakin kirayə haqqını ödəməyib, gəlin paltarını yararsız vəziyyətə saldığına görə salon sahibi 1200 manat ziyana düşüb. İ.Musayev paltarı götürərkən pulunu ödəyəcəyi vədi ilə AB 591590 saylı sürücülük vəsiqəsini salonda girov qoyub.
İ.Musayev Naxçıvanda mobil telefon mağazası sahibi Hüseynov Vüsal Mətləb oğlunu aldadaraq ondan 380 manatlıq telefon alıb, əvəzində isə AZE 06503214 saylı şəxsiyyət vəsiqəsini mağaza sahibinin etibarını qazanmaq məqsədilə ona verib. İ.Musayev telefonun pulunu ödəməkdən yayınıb, mağaza sahibi pulunu tələb etdiyi vaxtlarda isə özünü Naxçıvan MR DİN-in yüksək rütbəli əməkdaşı kimi təqdim edərək onu hədələyib. İ.Musayev Naxçıvandakı “Cahan” ticarət mərkəzində meyvə ticarəti ilə məşğul olan Afiq Bayramovdan da 100 manatlıq meyvə alaraq pulunu ödəməyib.
İ.Musayev ləyaqətsiz hərəkətlərinə etiraz edən babası, nənəsi və anasının birgə yaşadıqları mənzilə gedərək onları təhqir edib, dava-dalaş salaraq evdəki əşyaları sındırıb. Bununla bağlı İ.Musayevin babası Həsənov Səyavuş polisə şikayət edib.
Mətbuatda yeni bir Elşad Abdullayev obrazı yaratmağa çalışan şəxslərin nəzərinə çatdırırıq ki, İ.Musayev məhz törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb olunacağından qorxduğu, hərbi xidmətə çağırışdan boyun qaçırmaq və borclarını ödəməkdən yayınmaq üçün sentyabrın 2-də Bakı-Moskva təyyarə reysi ilə ölkəni tərk edərək Rusiyaya gedib.
Culfa rayon, Ərəzin kənd sakini Ağayeva Gülnar Yəhya qızı Naxçıvan MR MTN-ə ərizə ilə müraciət edərək bildirib ki, mərhum həyat yoldaşı Turac Zeynalovun ölümü ilə əlaqədar Bakıda olarkən telefonuna naməlum nömrədən zəng gəlib və özünü qeyri-hökumət təşkilatının hüquqşünası kimi təqdim edən şəxs ona hüquqlarının qorunmasında yaxından kömək göstərmək istədiyini bildirib. Bu şəxs G.Ağayevanın etibarını qazanmaq və özünü imkanlı şəxs kimi göstərmək məqsədilə “Dəmirbank”ın əməkdaşı olduğunu da deyib. G.Ağayeva bu şəxsin sonradan əslində İbrahim Musayev olduğunu öyrənib. İ.Musayev sonralar G.Ağayevaya Naxçıvanda fəaliyyət göstərən Demokratiyaya Dəstək və İnsan Hüquqları Resurs Mərkəzinin sədri Məlahət Nəsibova ilə birgə çalışdığını, sonuncunun xarici təşkilat və ölkələrdən xeyli qrantlar aldığını bildirib. Bu QHT rəhbərinə kömək etməklə MTN-i birgə şantaj edib çoxlu pul qazanmaq, xarici səfirlik və nümayəndəliklərlə görüşüb gələcəkdə Avropa ölkələrinin birində siyasi sığınacaq ala biləcəklərini vəd edib. Lakin G.Ağayeva İ.Musayevin xoşniyyətli olmadığını anlayıb və ondan uzaqlaşıb. Elə bu səbəbdən də İ.Musayev “məslək yoldaşları və havadarlarının” köməyi ilə MR MTN və G.Ağayeva barədə şantaj, böhtan xarakterli məlumatlar yaymağa başlayıb…”
musavat.com