İlham Əliyev onu müavinlərlə «mühasirəyə» aldı; Məhərrəm Əliyev adminstrasiyaya gətirildi
Paşayevlərin meydanı genişləndi
İlham Əliyev Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə müavinlər təyin edib. Ölkə başçısının noyabrın 30-da imzaladığı sərəncamlara əsasən PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, PA-nın regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov və müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev Ramiz Mehdiyevin müavinləri təyin ediliblər.
Dünən isə ölkə başçısı daha üç sərəncam imzalayıb. Bunlardan biri prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyevin Ramiz Mehdiyevin müavini, digəri isə Bakı Şəhər Baş Polis Idarəsinin sabiq rəisi, Azərbaycanın Tacikistandakı keçmiş səfiri Məhərrəm Əliyevin prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi haqqındadır. Üçüncü sərəncam isə Məhərrəm Əliyevə general-leytenant hərbi rütbəsi verilməsi haqqındadır.
Ilham Əliyevin yeni təyinatları müxtəlif mülahizələrə səbəb olub.
Məsələ burasındadır ki, PA rəhbəri postundan sonra üç mühüm vəzifə var: Ictimai-siyasi şöbə, hüquq-mühafizə orqanları ilə iş şöbəsi və regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri. Amma maraqlıdır ki, Ilham Əliyev bunlardan yalnız birini – Zeynal Nağdəliyevi Ramiz Mehdiyevin müavini təyin edib. PA rəhbərindən sonra mühüm postlar tutan ictimai-siyasi şöbənin müdiri Əli Həsənov və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Ilham Əliyevin diqqətini “cəlb etməyib”. Ölkə başçısının onları Ramiz Mehdiyevin müavini postuna layiq bilməməsi siyasi mülahizələrlə izah edilir. Bildirilir ki, bu təyinatlar əslində Ramiz Mehdiyevi sıxışdırmaq məqsədi daşıyır. Onun müavini təyin edilən şəxslərdən ikisi PA rəhbərinə qarşı olan şəxslərdir. Əli Əsədov milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın qohumdur və birbaşa Ramiz Mehdiyev və komandasına rəqib olan Paşayevlərə yaxındır. Zeynal Nağdəliyev isə Ilham Əliyevin özünə yaxın şəxsdir. Digər tərəfdən o Ramiz Mehdiyevin postuna iddialıdır. Novruz Məmmədovla Vahid Əliyevə gəlincə, onların təyinatı iz azdırmaq məqsədi daşıya bilər.
Bu təyinatlarda məqsəd Ramiz Mehdiyevin təsir imkanlarını azaltmaqdırsa, əlbəttə ki, Əli Həsənovun PA rəhbərinə müavin təyin edilməsi səhv addım olardı. Çünki bu şəxs Ramiz Mehdiyevin komandasının üzvüdür. Fuad Ələsgərov isə siyasi iddiaları olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovla müttəfiqdir. Onun müavinliyi “fövqəlnazir”in daha da güclənməsinə xidmət edərdi.
Məhərrəm Əliyevin də PA-ya gətirilməsi təsadüfi deyil. O, Ramiz Mehdiyevin komandasının üzvü daxili işlər naziri Ramil Usubovun əzəli rəqibidir. Ilham Əliyevin yenidən ona etimad etməsi daxili işlər naziri üçün sarsıdıcı zərbə sayıla bilər.
Bütövlükdə bu təyinatlarla Paşayevlərin administrasiyanı nəzarətə götürdüklərini söyləmək olar.
azadliq.info