Medianews.az
“Milyarderlər müstəqil təşəbbüslərinə görə vurulurlar”
119 baxış

“Milyarderlər müstəqil təşəbbüslərinə görə vurulurlar”

«Bu rejim millətin qaymağı olan ziyalılara qarşı həmişə belə davranıb, ona sındırılmışlar lazımdır»

Azərbaycan hökumətinin nəzarətində olan media orqanları vasitəsilə Rusiyadakı azərbaycanlı milyarderlərin yaratdığı təşkilata - Milyarderlər Ittifaqına, xüsusilə də onun təsisçilərindən Rüstəm Ibrahimbəyov və Söyün Sadıqova qarşı qarayaxma kampaniyası səngimir. Bu kampaniyanı həyata keçirənlər onları “xəyanətkar” kimi təqdim etməyə çalışır. Sözsüz ki, ölkənin fəal ictimai-siyasi kəsimi bu kampaniyanın arxasında duran səbəbləri yaxşı bilir. Azərbaycandan kənarda olsa da, ölkədə baş verən prosesləri diqqətlə izləyən, mühacirətdə olan polkovnik Isa Sadıqovla söhbətimiz də bu mövzu ətrafında oldu:

- Azərbaycan hakimiyyətinin Rusiyadakı azərbaycanlı milyarderlərin yaratdığı yeni təşkilata münasibətini yəqin ki, müşahidə edirsiniz. Sizcə bu münasibət nədən qaynaqlanır? Bu adamları niyə belə “baltalayırlar”?
- Açığını desəm, bu isterik reaksiyanın səbəblərini anlaya bilmədim. Uzun illərdir ki, ən müxtəlif kriminal olaylarla yadda qalan hakimiyyət indi özünün bütün resurslarını Rusiyadakı Azərbaycan mənşəli milyarderlərə, onların təmsilçisi olaraq çıxış edən Söyün Sadıqova qarşı əks-təbliğat kampaniyasına səfərbər edib.
Mən bu adamların bəyanatları ilə tanış oldum. Bəyanatda deyilir ki, bu yeni birlik Rusiyadakı azərbaycanlıların müdafiəsi, onların təşkilatlandırılması, hüquqlarının müdafiəsi məqsədilə yaradılır. Buna yalnız sevinmək lazımdır. Bir parça çörəyə görə vətənini tərk edib Rusiyaya sığınmış milyonlarla insanın arxasında durmaq, onlara yad ölkədə dayaq olmaq məgər yaxşı niyyət deyil? Axı həmin milyonlarla insan məhz, Azərbaycan hökumətinin yarıtmaz daxili siyasəti üzündən didərgin düşüb və bu axın az qala, hər gün davam edir. Onları Söyün Sadıqov və ya onun təmsil etdiyi alyansa daxil olan adamlar didərgin salmayıblar axı! Bu alyansa daxil olan insanlar, elə həmin Söyün Sadıqov, Telman Ismayılov və başqaları Rusiyaya pənah aparan azərbaycanlılara iş yeri yaradır, onların çörək pulu qazanmasına səbəb olurlar. Əlbəttə, mən birbaşa şahidi deyiləm, amma onlarla, yüzlərlə insanın söhbətlərindən bilirəm ki, bu, belədir. Abbas Abbasov uzun illər ərzində Azərbaycan hökumətinin tərkibində işləyib. Əgər o, pis adam idisə, niyə onunla işləyirdilər və rahatca öz təşəbbüsü ilə istefaya getməsinə şərait yaradırdılar? Mən onu şəxsən tanıyıram və ölkə üçün ən çətin zamanlarda, müharibə illərində hansı işlərlə, hansı səviyyədə məşğul olduğundan da xəbərdaram. Bu, həmin illər idi ki, o zamanlar Azərbaycan hökumətinin indiki ən iri məmurları kazinolarda fırlanırdılar. Necə olur ki, bu adam təqaüdə çıxaraq ciddi və xeyirxah bir işlə məşğul olmaq, Rusiyadakı milyonlarla həmvətənimizin problemlərinə müdaxilə etmək istəyən kimi “pis adama” çevrilir?
Indi bu adamlara qarşı başlanan təbliğat o tribunalardan gedir ki, həmin mətbuat vasitələri az əvvələ qədər Vahid Ələkbərovu, Isgəndər Xəlilovu və başqalarını millətin qızıl fonduna daxil olan adamlar kimi təqdim edirdilər.

 

- Bu adamlar və onların yaratdığı təşkilat Rusiyadakı azərbaycanlılarla bağlı hansısa əhəmiyyətli işlər görə bilərmi? Oradakı azərbaycanlıların durumu barədə məlumatınız var, hər halda...
- Rusiyadakı azərbaycanlıların çox ciddi şəkildə və ciddi əsaslarda təşkilatlanmasına ehtiyac var. Orada bizim bu qədər imkanlı, proseslərə müdaxilə etmək imkanı olan adamlarımız varsa, nə üçün bu zamana qədər azərbaycanlıların Rusiyanın ictimai-siyasi bəyanatlarındakı rolu başqa millətlərdən geridə qalır? Uzun illər ərzində bu işlər YAP- ın nəzarəti altında gedirdi və guya, gedirdi. Ona görə “guya” deyirəm ki, heç bir nəticə yoxdur. Ermənilərin və başqa millətlərin varlı insanları orada güclü və ciddi əsaslar üzərində diaspora yaradıblar. Bizim diaspora isə uzun müddət ərzində “Moskvada Heydər Əliyevə heykəl qoyulacaq, ya yox?” məsələsi üzərində “mübarizə” aparıb. Bu qədər qeyri-ciddilik olmaz, axı. Bizim Rusiyadakı milyarderlərimiz oradakı azərbaycanlıların təmsilçiliyinin səviyyəsinin qaldırılması üçün hansısa müstəqil təşəbbüslər göstərməyə başlayıblarsa, bunun nəyi pisdir? Onlar qərara gəliblər ki, faktiki olaraq, hamı tərəfindən atılmış, arxasız-dayaqsız qalmış Rusiya azərbaycanlılarının problemlərilə məşğul olsunlar, bunu da yalnız alqışlamaq lazımdır.

- Amma sanki Diaspora Komitəsi bütün bu proseslərdən kənardadır. Komitə milyarderlərin alyansını da yalnız pisləməklə kifayətləndi...
- Mən Azərbaycan hakimiyyətinin narahatlığını başa düşürəm, çünki bu hakimiyyətin kriminal mahiyyətinə bələdəm. Onlar hesab edirlər ki, millətin problemlərini həll etmək yox, onun üçün həmişə problemlər yaratmaq lazımdır. Azərbaycandakı Diaspora Komitəsi də elə sanki buna görə yaradılıb. Məhz, bu komitənin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, xaricdə yaşayan azərbaycanlılar arasında çəkişmə və intriqa ən yüksək səviyyəyə çatıb.
Rusiyada bu problemləri yoluna qoymaq niyyətilə təşəbbüs göstərən insanlara mən şəxsən təşəkkür edirəm.

- Yeni alyansın əsas simalarından biri olan Rüstəm Ibrahimbəyova qarşı xüsusilə qarayaxma kampaniyası Sizin üçün nə dərəcədə gözlənilən oldu?
- Bu tərkibdə Rüstəm Ibrahimbəyov kimi insanın olması onun mötəbərliyini xüsusilə artırır. Indi Rüstəm Ibrahimbəyova qarşı hansı yaramaz kampaniyanın aparıldığı məni heyrətləndirmir. Bu kampaniyanı aparanların Rüstəm müəllimin səviyyəsini dərk etmələri məni heyrətləndirərdi. Rüstəm Ibrahimbəyov fəxr ediləsi, qürur duyulası adamdır, bu cür insanları dinləmək lazımdır, onların təşəbbüslərinə dəstək lazımdır. Amma ona qarşı düşməncəsinə təbliğat aparılır, onu hətta qınamırlar, ittiham edirlər, ləkələyirlər. Bu rejim illər uzunu millətin qaymağı olan ziyalılara qarşı bu şəkildə davranıb, əsl ziyalılıq onlar üçün dərkedilməz bir qabiliyyətdir. Onlara yenilmiş, məğlub olmuş, sındırılmış ziyalılar lazımdır, müstəqil düşünmək və hərəkət etmək iddiasında olanları isə düşmən kimi qəbul edirlər. Bunlara susdurulmuş ziyalılar lazımdır ki, millətə qarşı cinayətləri təşkil etmək rahat olsun.

- Bu adamların Azərbaycanda yaşamadığı, bəzilərinin, məsələn, Söyün Sadıqovun Azərbaycanda doğulmadığını əsas gətirərək deyirlər ki, onları Azərbaycana heç nə bağlamır və onlar Azərbaycanı təmsil edə bilməzlər. Siz də Azərbaycanda doğulmamısınız. Azərbaycanı təmsil edə bilməzsinizmi?
- Azərbaycan bizim ana vətənimizdir. Söyün Sadıqovun və başqalarının harada doğulmasından, harada yaşamasından asılı olmayaraq, Azərbaycan onlar üçün müqəddəsdir. Mən Gürcüstanda doğulmuşam, amma bu o demək deyil ki, Azərbaycan mənim Vətənim deyil. Mən Gürcüstan üçün Azərbaycan üçün etdiklərimin onda birini də etməmişəm. Həmişə hesab etmişəm ki, bütün potensialımı ilk növbədə Azərbaycana sərf etməliyəm. Buna görə də bu söhbətləri ortaya atmaq demoqogiyadır və iyrənc təbliğatın davamıdır. Həm də, axı necə olur ki, uzun illərdir bu adamlar Rusiya Azərbaycanlılarının Konqresinin rəhbərliyində olanda, həmin bu YAP bayrağı altında yaradılan o təşkilatın əsas simaları olanda Azərbaycanı təmsil edə bilirdilər, amma indi yox?

azadliq.info

Bizə qoşulun