Hikmət Hacızadə: “Balanslaşdırılmış siyasətdən imtina etməyin vaxtı çatmayıb”
“Hazırda gərginliyin artdığı müşahidə edilir. Bizi əsas narahat edən məqam rus ordusunun Azərbaycan sərhədində toparlanmasıdır. Bizim hökumət və cəmiyyət bu barədə düşünməlidir, sorğular göndərməlidir, ordunun hansı səbəblərdən toplandığı, eləcə də məqsədin nə olduğu bilinməlidir. Fikrimcə, bu haqda BMT-yə də müraciət etmək olar. Vəziyyət o qədər də ürəkaçan deyil. Ehtimalıma görə, bu gərginliyin iki səbəbi ola bilər. Birincisi, Azərbaycanın müstəqil addımları, neft və qaz siyasəti Rusiyanın xoşuna gəlməyə bilər. İkincisi isə beynəlxalq vəziyyət, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması, Suriya və İrandakı vəziyyət. Bax, bunlar Rusiya ilə Qərb arasında mövcud olan böyük problemlərdir. Azərbaycan bu məsələlərin ortasında qalıb, Rusiya da ordusunu çəkib bizimlə sərhəddə. Narahatçılıq budur”. Bu fikirləri Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə Azərbaycan-Rusiya münasibətlərinin indiki durumunu şərh edərkən söyləyib.
Politoloq hesab edib ki, sərhədimizə qoşun yığılması təhlükəli haldır: “Buna iki səbəb ola bilər. Birincisi, Azərbaycan-Rusiya münasibətlərində problemlərin olmasıdır. İkincisi, beynəlxalq vəziyyətdir. Rusiya gözləyir ki, Qərb Suriyanı vurmağa başlayacaq. Onda Rusiya qisas məqsədilə Azərbaycana girə bilər. Əgər NATO-nun ordusu Suriyaya daxil olacaqsa, Rusiyada belə təhdidlərlə çıxış edəcəklər ki, siz Kosovaya daxil oldunuz, biz də Gürcüstanın bir hissəsini tutduq. Suriyaya girsəniz, Azərbaycanın bir hissəsini tutacağıq və ya şimal rayonlarında separatizmi inkişaf etdirib buranı nəzarətə götürəcəyik. Moskva Suriyada olanlara cavab kimi belə hərəkətlər edə bilər. Yəni Suriyanın qisasını almaq üçün Azərbaycan hədəf ola bilər. Mənim ehtimallarım budur”.
Hacızadə əlavə edib ki, Azərbaycanla Rusiya arasındakı indiki münasibətlər 1993-cü ilin yayında olan münasibətlərə bənzəmir: “O dövr başqa idi. Amma indi gərginlik var və bu açıq-aşkar görünür. Bunun səbəblərini öyrənmək, mümkünsə bu gərginliyi azaltmaq lazımdır. Əgər bu gərginliyi azaltmaq mümkün deyilsə, bu halda bütün dünyaya car çəkmək lazımdır. 1993-cü ildə Rusiya buradakı hökuməti tam devirmək istəyirdisə, çox güman indi qarşısına belə məqsəd qoymayıb. Amma Suriyaya paralel olaraq Azərbaycandan bir parça torpaq götürmək və ya neft-qaz hasilatına mane olmaq, onun nəqlinin qarşısını almaq kimi məsələlər Putin tərəfindən qoyula bilər.
Rusiyanın Azərbaycanda, ələlxüsus ölkənin şimal ərazilərində etnik zəmində qarşıdurma yarada bilmək imkanlarını qiymətləndirən sabiq səfir deyib ki, Rusiya böyük və güclü dövlətdir: “Prinsipcə, Azərbaycanda diversiya aparmaq imkanına malikdir. Bəzi yerlər partladılır, bir neçə vətəndaş dünyasını dəyişir. Bu bəs edir ki, Rusiya bəyanat yaya ki, “Azərbaycanda qırğın gedir, başqa xalqlar öldürülür”. Bunu bəhanə edərək bura ordu yeridə bilər. Ya da başqa vasitələrlə müdaxilə edər. Belə planlar mümkündür”.
Sabiq səfir Azərbaycan parlamentinin TANAP layihəsini təsdiq etməsinin müsbət hal olduğunu da dilə gətirib: “Layihə Azərbaycan və Türkiyə üçün lazımlı və əhəmiyyətlidir. Azərbaycan qazı bu layihəyə uyğun olaraq Avropa bazarına çıxarılacaq. Avropa üçün də bu yaxşı proyektdir. Ancaq geosiyasi vəziyyət indi çox mürəkkəbdir. İndi ruslar gözləyirlər ki, Qərb Suriya və İranı tutaraq tədricən onun sərhədlərinə yaxınlaşsın. Moskva üçün narahatedici məqam budur. Özlüyündə Milli Məclisdə təsdiqlənən saziş bəlkə də Rusiya üçün o qədər də vacib deyil. Onlar bu layihədən narahatdırlar, amma buna görə müharibəyə başlamazlar. Mənim dediyim geosiyasi ədavət əsas məsələdir. Onun yanında isə belə xırda məsələlər durur və bu da ruslar üçün xoş deyil”.
Hikmət Hacızadə hesab edir ki, Rusiya Azərbaycana təzyiqləri gücləndirsə və hərbi müdaxilə etsə, Qərb və Avropa Azərbaycana kömək edə bilməyəcək: “Onlar Azərbaycana yardım etmək iqtidarında deyil. Çünki Azərbaycan onlardan çox-çox uzaqdır. Onlar indi Suriya ilə, eləcə də İranın atom bombası ilə məşğuldurlar. Ona görə də mən çox qorxuram ki, Rusiya Azərbaycana müdaxiləyə start versə, faktiki olaraq bizə heç kim kömək etməyəcək. Rusiya 2008-ci ilin avqustunda Gürcüstana soxuldu, müharibə apardı. Qərb Gürcüstana kömək etmədi. Bir neçə prezident Gürcüstana gələrək çıxış etdi. Bütün bunları nəzərə alaraq demək olar ki, Qərbin bizə kömək etməyə imkanı yoxdur. Həm də bizə görə, heç kəs Rusiya ilə vuruşmaq istəməyəcək. Odur ki, vəziyyət ağırdır və çox düşünmək lazımdır. Bizim kəşfiyyat orqanlarımız ciddi işləməlidir, bu məsələlər lazım gəlsə BMT-də qaldırılmalıdır”.
Hacızadə bütün bu deyilənləri nəzərə alaraq balanslaşdırılmış xarici siyasət kursunun davam etdirilməsinin vacib olduğunu söyləyib: “Hesab edirəm ki, hələ bu siyasətdən imtina etməyin vaxtı çatmayıb. Çünki Rusiyaya qarşı olan siyasi mərkəz çox uzaqdır və bizə kömək edə bilmir. Gürcüstan tamamilə o tərəfə keçmişdi, bəs kömək ala bildi? Əlbəttə yox. Onlar bizdən çox uzaqdır”.
teleqraf.com