Akif Nəsirli: “Zəfəran əmək çox tələb edən ədviyyatdır, yığımı çətindir və bahalı işdir”
Dünyanın ən bahalı ədviyyəsi sayılan zəfəranın yığımı ənənəvi olaraq noyabr ayının sonu, dekabr ayının əvvəlində yekunlaşır. Milli mətbəximizin bəzəyi olan bu ədviyyatın ildə cəmi bir dəfə yığımı həyata keçirilir.
Dadına və qoxusuna görə fərqliliyi ilə seçilən zəfəran həm də xalq təbabətində istifadə olunur. Abşeron yarımadasında yetişdirilən bu nadir nemətin dünyanın heç bir ölkəsində tayı-bərabəri yoxdur. Yarımadanın münbit torpağı və iqlimi zəfəranın yetişdirilməsi üçün ən münasib şərait yaranmasına səbəb olub. Abşeron zəfəranı məhz dad və keyfiyyət baxımından fərqliliyi ilə seçilir. Təamlara yeni dad və ləzizlik qatmaqla yanaşı bir çox faydaları ilə seçilən zəfəranın geniş şəkildə yetişdirilməsinə, təəssüflər olsun ki, ölkəmizdə maraq azalıb. Son illərdə isə zəfəranı məhsuldarlığı azalıb. Məhsulun az olması da onun qiymətinin yüksəlməsinə səbəb olur. Maraqlıdır, məhsuldarlığın azalmasına səbəb nələrdir?
“Zəfəran soğanaqlarının uzun illər eyni sahədə yenilənmədən istifadəsi onların gücünü azaldır və məhsulun keyfiyyətinə təsir edir”
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, zəfəranın məhsulu son illər bir neçə əsas səbəbə görə azalır: “İlk olaraq havanın dəyişməsi bu sahəyə təsir edir. Yaylar çox isti, payız yağışları isə gec olur. Bu, zəfəranın çiçəklənməsinə pis təsir edir. Daha sonra torpağın zəifləməsi də məhsuldarlığı aşağı salır. Eyni sahədə illərlə zəfəran əkilir və torpaq yorulur. Qida maddələri azalır.
Bununla yanaşı, su çatışmazlığı da statistikanın aşağı düşməsinə təsir edir. Zəfəran quraqlığa dözümlüdür, amma çiçəkləmə vaxtından əvvəl torpağın nəm olması vacibdir. Su az olduqda çiçəklər də azalır.
Həmçinin, xəstə və keyfiyyətsiz soğanaqlar, vaxtında yenilənməyən və ya xəstəlik daşıyan soğanaqlar məhsuldarlığı aşağı salır. Zəfər istehsalının aşağı olmasının səbəblərindən biri də zərərvericilər və xəstəliklərdir. Belə ki, göbələk çürüməsi və torpaq parazitləri soğanaqlara ziyan vurur. Ən əsası, zəfəran əmək çox tələb edən ədviyyatdır. Zəfəran yığımı çətindir və bahalı işdir. Bir çox fermer başqa bitkilərə keçir, buna görə də istehsal azalır və qiymət artır. Zəfəran soğanaqlarının uzun illər eyni sahədə yenilənmədən istifadəsi də onların gücünü azaldır və məhsulun keyfiyyətinə təsir edir. Torpağın zənginləşdirilməməsi, orqanik maddələrin çatışmazlığı və pH balansının pozulması da zəfəranın zəifləməsinə səbəb olur. Bu bitki quraqlığa davamlı sayılsa da, tam susuz qalanda və ya əksinə, həddindən artıq su veriləndə soğanlıqlar çürüyə bilir. Xəstəliklər və göbələk mənşəli problemlər bir çox təsərrüfatda gizli şəkildə yayılaraq məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Sahədə soğanaqların illərlə sıxlaşması da çiçəklənməni zəiflədir və ümumi məhsulu azaldır”.