Alimlər Tibet və Nepalın yüksək dağlıq ərazilərində yaşayan insanların oksigen çatışmazlığına qarşı unikal uyğunlaşma qabiliyyətinə malik olduğunu müəyyən ediblər.
Medianews.az xəbər verir ki, araşdırmaya görə, min illər ərzində bu bölgələrdə yaşayan insanların orqanizmi az oksigenli mühitə uyğunlaşıb. Nəticədə onların qanı və ürək-damar sistemi oksigeni daha səmərəli daşımağa başlayıb.
Tədqiqat çərçivəsində Nepalda dəniz səviyyəsindən 3500 metrdən yüksək ərazilərdə yaşayan 417 qadın araşdırılıb. Məlum olub ki, reproduktiv göstəriciləri daha yüksək olan qadınların qanında oksigen daşınması daha effektivdir. Onlarda hemoglobinin oksigenlə doyma səviyyəsi yüksək, ürəyin və ağciyərlərin fəaliyyəti isə daha məhsuldar olub.
Alimlər hesab edirlər ki, bu xüsusiyyətlər təbii seçmə nəticəsində formalaşıb və insan təkamülünün davam edən proseslərini daha yaxşı anlamağa kömək edir.
Mütəxəssislərin fikrincə, yüksək dağ şəraitində yaşamağa imkan verən bu fizioloji uyğunlaşmalar müasir insanın ən maraqlı təkamül nümunələrindən biridir.
Medianews.az