“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev sosial şəbəkədə paylaşdığı məqalədə Ramiz Mehdiyev ətrafında formalaşan süni “hörmət” atmosferini kəskin şəkildə ifşa edib. Alqış Musayev yazısında Mehdiyevə yönələn əsassız təriflərin, şişirdilmiş epitetlərin və şəxsi maraqlarla yoğrulmuş sədaqət nümayişlərinin nə qədər təhlükəli bir mənzərə yaratdığını açıq şəkildə göstərib. Medianews.az Alqış Musayevin həmin ifşaedici məqaləsini təqdim edir:
Mən başa düşürəm. Mehdiyev Prezident Aparatının rəhbəri olub.
Konyunkturanın öz şərtləri, idarəçiliyin normativləri var. Yuxarıdan gələn direktivlərə riayət olunmalıdır və sair.
Hamı durub aparat rəhbəri ilə savaş açmalı deyildi ki.
Komanda daxilində konfrontasiya yaratmağa əlavə cəbhə açmağa lüzum da yoxdur.
Hamının, o cümlədən sir-sifətindən qaramat, xainlik yağan Mehdiyevin də ad gününü, yubileyini təbrik etmək olar.
Onun haqqında tərif deyənləri linç etməyin tərəfdarı da deyiləm.
Amma hər şeyin bir həddi var...
Mehdiyev haqında təbrik videoları yayılır.
Baxıram, sanki danışmırlar, doğurlar.
Gücənirlər ki, nəsə fövqəladə bir ifadə tapıb Mehdiyevin şəninə yaraşdırsınlar.
Özü də danışanlar sıradan biriləri deyil.
Kifayət qədər ciddi status sahibləridirlər.
Mehdiyevə "siyasətin akademiki" deyirlər.
Mehdiyevə "siyasətin akademiki" deyənlər bəs Heydər Əliyevin Azərbaycan tarixindəki və siyasətindəki yerini harada görürlər?
Mehdiyevi "dərin dövlət" adamı adlandırırlar.
Bu, birbaşa istintaq üçün əvəzsiz materialdır: dərin dövlət paralel idarəçilik deməkdir. Onda adamdan soruşarlar ki, buyur gəl danış paralel strukturları dərinliyi barədə nə bilirsən?..
Əcaib, həm də qorxulu bir mənzərə yaranır.
Axı bu adamlar guya bizim elitamızı təmsil edirlər.
Mənim heç şübhəm qalmayıb ki, Mehdiyev fərqli bir dinin daşıyıcısı olsaydı, bu adamlar ona xoş gəlsin deyə dini inanclarını da dəyişərdilər...

Alqış Musayev,
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru