Ötən əsrin 90-cı illərində baş vermiş bəşər tarixinin ən ağır faciələrindən olan Xocalı soyqırımından 34 il ötür. 1992-ci ilin amansız qışında - fevralın 25-dən 26-na keçən gecə erməni-rus birləşmələri tərəfindən törədilmiş soyqırımı hər bir azərbaycanlının yaddaşında silinməz iz qoyub.
Medianews.az xəbər verir ki, həmin günlərini dəhşətlərini yaşamış və Xocalını üç körpə qızı ilə tərk etmiş Şəfiqə Ələsgərova Teleqraf-ın Qarabağ bürosuna o günlərin dəhşətlərindən danışıb, beş gün mühasirə şəraitində ağır sınaqlarla üzləşdiklərini nəql edib:
“Xocalının mühasirədə olduğunu bizə qonşumuz xəbər verdi. Evdən çıxıb yığışdıq qonşunun zirzəmisinə, gecəni zirzəmidə keçirdik. Postdan gələn döyüşçülər bildirdilər ki, əksər sakinlər qaranlıq düşən kimi şəhəri tərk ediblər. Biz də zirzəmidən çıxıb getdik “Beşmərtəbə” deyilən əraziyə. Üç gün “Beşmərtəbə”də mühasirədə qaldıq.
Yanımızda Şahid adlı oğlan vardı. İndi polisdə çalışır. Silah-sursat qalmamışdı. Şahid binadan çıxıb getdi, yeşiklərlə patron gətirdi. Yenidən döyüşməyə başladılar. Qaynımın Elşad adlı nişanlı oğlu orda şəhid oldu.
Dəstənin bir hissəsi döyüşürdü. Bir hissə bizi ikinci mərtəbənin pəncərəsindən sallayaraq aşağı düşürdü. Yolu keçib üz tutduq meşəyə. Qarqar çayından keçəndə ayaqlarımız islanmışdı. Artıq meşədə ayaqlarımız donmağa başladı. Həmin vaxt yanımda 3 qızım vardı. Balaca qız yaşyarımlıq, böyüyü altı yaşının içindəydi. Yanımızda Baxış adlı kişi vardı. İndi rəhmətə gedib. Gördü, qızlarım üşüyür. Pencəyini çıxardıb uşaqlarımın üstünə sərdi.
Oğlum, utanmayacam, deyəcəm sizə. Hava çox soyuq idi, gördüm, uşaqların ayaqları donur, alt paltarlarımı çıxardıb doladım uşaqlarımın ayaqlarına. Ac-susuz gecə-gündüz Ağdam istiqamətinə yol gedirdik. Uşaqlar çörək istəyəndə qarı əlimdə sıxıb uzadırdım onlara. Qarı tullayıb bizə “pəpə ver" deyirdilər.
Qarlı-şaxtalı havada qızlardan birini itirdim. Saatlarla meşənin ortasında onu axtarıb tapdım. Ermənilər səsimizi eşitməsinlər deyə söhbət belə edə bilmirdik.
Nəhayət, mühasirədə qaldığımız beşinci günü ağdamlılar gəlib bizim dəstəni tapdılar. Gətirdilər Ağdam şəhərinə. Yolda mənə dedilər ki, ortancıl qızın ölüb. Həmin vaxt bütün hislərim donmuşdu. Heç nə hiss etmirdim. Ölən qızımı apardılar Ağdam məscidinə. Orda qoydular meyitlərin yanına. Mən də kənardan durub baxırdım. Uşağımın ölümü belə mənə çatmırdı.
Qızım bir gecə meyitlərin arasında qaldı. Səhəri dəfn üçün getdik məscidin qarşısına. Meyitləri bir-biri maşınlara qoyub aparırdılar. Mənim qızımı dəfn etmək üçün aparanda axund soruşdu ki, bu uşaq kimindir, o, nəfəs alır. Üzünü açanda baxdım ki, mənim qızımdır. Uşağı götürdükdən sonra bizi apardılar Bakıya, xəstəxanaya yerləşdirdilər".
Şəfiqə Ələsgərova deyir ki, ayaqlarını don vurubmuş: "Xəstəxanada ayaqlarımı kəsmək istəyirdilər. Həkim dedi, bu qadının 3 qızı var, müalicə edək, ayaqları salamat qalsın. Həmin həkim ayaqlarımı müalicə elədi. İki qızımın ayaqlarını da tamam don vurmuşdu. O həkim qızlarımı da müalicə edərək sağaltdı".
Şəfiqə Ələsgərova qızlarını çətinliklə də olsa böyütdüyünü və onların ali təhsil almasına şərait yaratdığını söyləyir: "İndi onların hər biri müəyyən mövqe sahibidir. Böyük qızım Gəncə Aqrar Unversitetində çalışır, ortancılın iki diplomu var, Xankəndi nümayəndəliyində çalışır. Ən kiçiyi isə müəllimədir".
Xocalı dəhşətlərini yaşamış Şəfiqə canım bu gün xoşbəxt olduğunu deyir: "Çox xoşbəxtəm ki, Xocalı işğaldan azad olundu və biz doğma şəhərimizə köçdük. Qızlarım xəbər verəndə ki, Xocalıya gedirik, həmin gün sevincimdən ancaq ağladım. Yuxu kimi gəlsə də, real həqiqətdir ki, mən uzun illərdən sonra öz evimdə yaşayıram”.
Qeyd edək ki, illərdir həsrətində olduqları dədə-baba yurduna qayıdan xocalılar doğma torpaqlarında yenidən həyat qururlar. Viran qalmış evlərin yerində təmir olunmuş, işıqlı ocaqlar var. Dövlət tərəfindən evlər bərpa edilir, yollar çəkilir, sakinlər 24 saat fasiləsiz qaz, işıq və su ilə təmin olunur.
Bu gün Xocalı yenidən qurulmur, yenidən doğulur...