Dörd il əvvəl aktyorluq karyerasını dayandıraraq Bali adasına köçən tanınmış aktrisa İrmak Ünal, 10 aydır davam edən döş xərçəngi mübarizəsi ilə bağlı açıqlamalar verib.
Medianews.az xəbər verir ki, o, xəstəliyi haqqında ilk dəfə oktyabr ayında danışmışdı və xəstəliyin erkən mərhələdə aşkarlandığını bildirmişdi.
Sadə və təbiətə yaxın həyat tərzi seçərək Balidə yaşamağa başlayan Ünal, sosial media hesabında paylaşdığı son mesajında müalicə prosesi və daxili dünyasında baş verən dəyişikliklər barədə emosional fikirlər səsləndirib.
Aktrisa bildirib ki, müalicəsi müsbət istiqamətdə davam edir və bu ağır proses ona həyatın dərinliklərini daha yaxşı anlamaq imkanı verib.
Ünal paylaşımında belə yazıb:
“Bu həftə pərdələr bir az daha açıldı. Ürəyimin ətrafında sakit bir məkan açıldı. Bəzən insanın ehtiyac duyduğu tək şey budur: axına təslim olmaq və içindəki gücü xatırlamaq. Ətrafımdakı insanlar işarələr kimidir. Düzgün tezlik, düzgün ürəklər, düzgün vaxt. Minnətdarlıq indi içimdə fərqli bir dildə danışır”.
İrmak Ünalın səmimi paylaşımı sosial şəbəkələrdə minlərlə dəstək mesajı ilə qarşılanıb.
Medianews.az

