1999-cu ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Xalq Partiyasının 14 dekabr qurultayı qurumun sədrinin dəyişməsi ilə əlamətdar oldu: Pənah Hüseyni Qiyas Sadıqov əvəzlədi. Bu, faktiki olaraq Azərbaycan Xalq Cəbhəsinin (AXC) daha bir qurucusunun fəal siyasətdən ayrılmasıdır.
1957-ci il təvəllüdlü Pənah Hüseyn Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993-cü illər) dövlət katibi və baş nazir postlarını tutub, 2005-2010-cu illərdə Milli Məclisin üzvü olub.
Medianews.az bildirir ki, AXC-nin rəhbərlərindən 4 nəfər fəal siyasətdədir: İsa Qəmbər Müsavat Partiyasının başqanı, Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Fərəc Quliyev Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Arif Hacılı Müsavat Partiyası Məclisinin sədridir.
Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının lideridir, ancaq fəal siyasətdən uzaq durur.
Leyla Yunus isə ölkədən uzaq durub, xaricdə yaşayır.
Tamerlan Qarayev Azərbaycanın Litvadakı səfiridir.
Sabit Bağırov iqtisadçı ekspert, Zərdüşt Əlizadə, Sülhəddin Əkbər, Qulamhüseyn Əlibəyli siyasi ekspert kimi tanınırlar.
Nemət Pənahlı, Rəhim Qazıyev, Arif Paşa ara-sıra mediada görünürlər, Canbaxış Umudov və Tofiq Seyidov isə çoxdan gözə dəymirlər.
AXC 1989-cu il iyulun 16-da yaradılıb, Əbülfəz Elçibəy sədr, Canbaxış Umudov, Etibar Məmmədov, Ələkrəm Hümmətov, Hikmət Hacızadə, İsa Qəmbər, Leyla Yunus, Nemət Pənahlı, Nəcəf Nəcəfov, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabit Bağırov, Sülhəddin Əkbər, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə İdarə Heyəti üzvləri seçiliblər.
1990-cı il yanvarın 8-də İdarə Heyəti qismən yenilənib: Arif Paşa, Dilarə Əliyeva, Etibar Məmmədov, Əlikram Əliyev, Firudin Səməndərov, Hikmət Hacızadə, İsa Qəmbər, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabir Rüstəmxanlı, Sabit Bağırov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Vurğun Əyyub.
1991-ci ildə İdarə Heyəti ləğv edilib, İcraiyyə Komitəsi yaradılıb. Bu quruma əvvəl İsa Qəmbər müvəqqəti rəhbərlik edib, sonra sədr postunu ardıcıllıqla Pənah Hüseyn, Tofiq Seyidov, Fərəc Quliyev, İbrahim İbrahimli tutublar.
AXC Ali Məclisinə bu şəxslər sədrlik edib: Tamerlan Qarayev, Arif Hacılı, Qulamhüseyn Əlibəyli.
AXC 1992-1993-cü illərdə hakimiyyətdə olub. Sədr Əbülfəz Elçibəy prezident postunu tutub.
AXC rəhbərliyində təmsil olunmuş şəxslərin 11-i vəfat edib. Dilarə Əliyeva 1991-ci ildə avtomobil qəzasında həlak olub, Yusif Səmədoğlu 1998-ci, Nəcəf Nəcəfov 1999-cu, Əbülfəz Elçibəy 2000-ci, Əlikram Əliyev 2011-ci, Vurğun Əyyub, Firudin Səməndərov 2019-cu, Tofiq Qasımov, Hikmət Hacızadə 2020-ci, İbrahim İbrahimli 2021-ci, Ələkrəm Hümmətov 2022-ci ildə dünyasını dəyişib.
Toğrul Əli,
Medianews.az