Medianews.az
Vətəndaşlarımızın rus ordusuna qoşulmasına imkan verilməsin -
220 baxış

Vətəndaşlarımızın rus ordusuna qoşulmasına imkan verilməsin - ÇAĞIRIŞ

Azərbaycanlı politoloqlar hüquq mühafizə orqanlarını ölkə vətəndaşlarının Rusiya ordusu ilə müqavilə bağlayıb Ukraynaya qarşı müharibədə iştirak etməsi hallarına son qoymaq üçün tədbirlər görməyə çağırırlar.  

Medianews.az-ın məlumatına görə, politoloq Şahin Cəfərli feysbuk hesabında yazır:

“Azərbaycanın təhlükəsizlik orqanları Rusiyanın işğalçı müharibəsi üçün ölkəmizdə aparılan rekrutinqi qəti şəkildə əngəlləməlidir.

Xüsusən qazilərimizin, ehtiyatda olan zabitlərimizin Rusiya ordusu ilə müqavilə bağlayıb, ukraynalılara qarşı cinayətlərdə iştirakı və orada ölməsi faciədir. Əlbəttə ki, bu problem təkcə təhlükəsizlik aspekti ilə məhdudlaşmır. Məsələnin sosial‐‎iqtisadi və siyasi‐‎təbliğati tərəfləri də var.

Əvvəla, işsiz, yoxsul və sosial təminatı aşağı səviyyədə olan kişilər, o cümlədən qazilər əlavə gəlir mənbələri axtararkən Rusiya ordusuna əsgər cəlb edən şəbəkələrlə rastlaşırlar və orada müqavilə imzalandıqda verilən ödənişin cazibəsinə qapılırlar. Yaxın gələcəkdə Azərbaycanda sosial‐‎iqtisadi böhranın aradan qaldırılması və əhalinin rifah səviyyəsinin yüksəlməsi ehtimalı nəinki yoxdur, əksinə, vəziyyətin ağırlaşacağı məlumdur. Bu isə insanların öz nəzərlərini ölkə xaricindəki gəlir fürsətlərinə çevirməsinə səbəb olur və olacaq. Bu problemin məsuliyyəti təhlükəsizlik sisteminin deyil, siyasi rəhbərliyin üzərindədir.

İkincisi, çox təəssüf ki, Azərbaycan mediası, xüsusən televiziyalar Ukrayna mövzusuna geniş yer ayırsalar da, Rusiyanın apardığı savaşın cinayətkar mahiyyəti və əxlaqi baxımdan alçaqlığına az diqqət yetirirlər. Əksinə, işğala məruz qalan tərəfi haqsız çıxaran, Rusiyaya əsasən örtülü, bəzən də açıq şəkildə haqq qazandıran rəylərə yer verilir. Bəzi şərhçilər də var ki, əslində Rusiyanı dəstəkləməsələr də, çıxışlarında yalnız Ukrayna rəhbərliyini, prezident Zelenskini ‐‎ yəni qurbanı məsuliyyətsizcəsinə hədəf almaqla, faktiki olaraq Rusiya təbliğatının dəyirmanına istəmədən su tökmüş olurlar. Bu isə Azərbaycan cəmiyyətində rusiyayönümlü əhval‐‎ruhiyyələrə töhfə verərək Rusiyanın tərəfində döyüşməyin pis, ayıb bir şey olmadığı qənaətini də yaradır.

Başqa bir tərəfdən, telekanallar müharibənin amansızlığı, tərəflərin nə qədər ağır itkilər verdiyi gerçəyini izləyiciyə lazımi səviyyədə çatdırmır. Cəbhə xəttində əsgərlərin ömrünün çox qısa olduğu, xüsusən Rusiyanın hər gün 1000‐‎1500 əsgər itirdiyi və onların bir çoxunun meyitlərinin tapılmadığı, dronlar tərəfindən tikə‐‎parça edildiyi hər kəs tərəfindən bilinərək dərk edilsə, muzdlu qismində o müharibədə iştirak həvəsi yəqin ki, azalar”.

Politoloq Elxan Şahinoğlu da bu məsələ feysbuk hesabına münasibət bildirib. O, yazıb:

“Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində həlak olan azərbaycanlıların sayı artır. İş o yerə çatıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşan qazimiz Rusiyaya gedərək müqavilə əsasında işğalçı dövlətin ordusuna qoşulub və döyüşdə ölüb.

Bu müharibədə Rusiyanın Ermənistandan fərqi yoxdur. Ermənistan da işğalçı idi, Rusiya da işğalçıdır. Belə çıxır ki, işğalçıya qarşı savaşan döyüşçümüz, bir başqa müharibədə işğalçıya qoşulub. Bunun vaxtilə Suriyada terrorçulara qoşulub Azərbaycan qanunlarını pozmaqla heç bir fərqi yoxdur. Suriyadan geri qayıdan həmin şəxslər cinayət məsuliyyətinə cəlb olundular. Bəs Azərbaycan pasportu ilə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində iştirak edənlər necə, cinayət məsuliyyətinə cəlb olunurlarmı? Belələri cəzalandırılmırsa, Rusiya ordusuna qoşulan azərbaycanlıların sayı azalmayacaq. Kreml şirnikləndirici müqavilə təklifləriylə qeyri-rusları, o cümlədən azərbaycanlıları ölümə göndərməkdə davam edəcək.

Rusiya vətəndaşı olan azərbaycanlının müqavilə əsasında Ukraynaya qarşı müharibədə iştirak etməsi onun öz işidir, halbuki bu da doğru deyil. Bir də var ki, Rusiyada miqrant həyatı sürən azərbaycanlının işğalçı müharibədə iştirak etməsi. Ukrayna ordusunun əsir götürdüyü azərbaycanlılar barədə də məlumatlar artıb. Azərbaycanın müvafiq dövlət strukturları bu halların qarşısını almaq barədə düşünməlidir”.

Medianews.az

Bizə qoşulun