Noyabrın 28-i səhərdən Ukraynanın Milli Antikorrupsiya Bürosunun və Xüsusi Antikorrupsiya Prokurorluğunun əməkdaşları ölkənin Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın evində axtarışa başlayıblar. Axtarışın xüsusilə enerji sektorunda korrupsiya şübhələri ilə bağlı olduğu deyilir.

Medianews.az bildirir ki, Andrey Yermak Ukraynanın siyasi idarəetmə sistemində nüfuzlu simalardan biri sayılır.
Dövlət başçısı Volodimir Zelenskinin ən yaxın çevrəsinə daxil olan şəxs kimi Prezident Administrasiyasına (Prezident Ofisi) rəhbərlik edən Andrey Yermak Kiyevin diplomatik xəttini müəyyənləşdirən əsas fiqurlarındandır.
Onun siyasi çəkisi xüsusilə 2022-ci ildən – Rusiya ilə genişmiqyaslı müharibə başlanandan sonra artıb. Hazırda Yermak həm daxili idarəetmədə, həm də beynəlxalq arenada Ukraynanın siyasi kursuna təsir göstərən real güc sahiblərindən biri sayılır.
Andrey Yermak 1971-ci ildə Kiyevdə anadan olub. Ali təhsilini Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunda alıb və burada beynəlxalq hüquq ixtisasına yiyələnib.

1991-1995-ci illərdə Ukraynanın ilk lisenziyalı hüquq firması kimi tanınan “Proksen”də hüquqşünas işləyib. Postsovet məkanına xarici investor axınının başlandığı həmin illərdə Yermak bir çox iri beynəlxalq şirkətə məsləhətçilik edib.
1997-ci ildə o, müəllif hüquqları və kommersiya hüququ üzrə beynəlxalq şirkət yaradıb. Bu qurum sonralar Ukraynanın biznes aləmində tanınan hüquqi platformalardan birinə çevrilib.
2005-ci ildə Yermak özünə bağlı strukturlar vasitəsilə Ukrayna-Gürcüstan Xarici İnvestisiya Əməkdaşlığı assosiasiyasını təsis edib. Bu layihə o dövrdə region ölkələri arasında investisiya əməkdaşlığının genişlənməsinə yönəlmiş təşəbbüslərdən biri olub.
2010-cu illərin ikinci yarısında Yermak hüquq sahəsindəki fəaliyyətini genişləndirərək kino sənayesinə də daxil olub. “Garnet İnternational Media Group” adlı şirkət yaradaraq beş filmə prodüserlik edib.
2017-ci ildən Yermak həm Ukrayna Kinematoqrafiya Akademiyasının, həm də Avropa Kino Akademiyasının üzvüdür.

Andrey Yermak siyasətə açıq şəkildə 2019-cu ildə prezident seçkiləri zamanı Volodimir Zelenskinin komandasında yer almaqla qoşulub. Zelenski prezident seçiləndən sonra Yermakı özünə köməkçi təyin edib və xarici siyasət məsələlərini ona tapşırıb.
Bu təyinat Yermak üçün dönüş nöqtəsi olub. O, qısa müddətdə yeni hakimiyyətin ən etibarlı fiqurlarından birinə çevrilib.
2021-ci ilin fevralından Yermak Prezident Administrasiyasının (Prezident Ofisi) rəhbəridir. Bu vəzifə ona həm siyasi koordinasiya, həm dövlət idarəçiliyi, həm də beynəlxalq diplomatiya sahəsində geniş səlahiyyətlər verir.

Ukraynanın siyasi sistemində Prezident Ofisinin rolu güclüdür. Bu strukturun rəhbəri kimi Yermak dövlət başçısının gündəliyini və inzibati fəaliyyətini, hökumət, parlament və təhlükəsizlik qurumları ilə koordinasiyanı təmin edir; Qərb dövlətləri ilə aparılan danışıqlarda, strateji kommunikasiya, təhlükəsizlik və humanitar məsələlərdə aparıcı rol oynayır.
2022-ci ilin fevralında Rusiya Ukrayna ilə total müharibəyə başlayandan Andrey Yermak həm də əsir mübadiləsi və humanitar məsələlər üzrə koordinasiya qərargahına rəhbərliyi həyata keçirir, Ukraynaya Qərb silahlarının və maliyyə dəstəyinin verilməsi ilə bağlı danışıqlarda iştirak edir; Rusiya ilə aparılan danışıqlarda mühüm yer tutur.
2024-cü ildə ABŞ-ın "Taym" (“Time”) jurnalı “Dünyanın ən təsirli 100 insanı” siyahısına Yermakı da daxil edib.

Tənqidçiləri Yermakı Prezident Ofisində səlahiyyətləri hədsiz dərəcədə öz əlində cəmləməkdə, qərarları qapalı şəkildə hazırlamaqda, bəzi kadr və siyasi təyinatların şəffaf olmamasında, “gizli danışıqlarda” lazım olduğundan artıq rol almaqda ittiham edirlər.
Tərəfdarları isə hesab edirlər ki, Yermak müharibə şəraitində çevik qərar verə bilən, diplomatik cəbhədə usta davranan fiqurdur və Ukraynada siyasi sabitliyin qorunmasında mühüm rol oynayır.

Andrey Yermaka Ukrayna siyasi dairələrində tez-tez “yaşıl kardinal” da deyirlər. Bu ifadə klassik “boz kardinal” anlayışını yada salsa da, Yermakın timsalında bir qədər fərqli məzmun daşıyır.
“Yaşıl” epiteti onun müharibə dövründə seçdiyi hərbi geyim tərzinə bağlıdır. Yermak son dövrlər ictimaiyyət arasına hərbçilər sayaq tünd yaşıl köynək və ya pencəkdə çıxır.
“Kardinal” epiteti isə onun siyasi mexanizmlərə yön vermək bacarığına və hakimiyyətdəki real nüfuzuna işarə edir.
Toğrul Əli,
Medianews.az