Medianews.az
Ukraynanın 20 maddəlik yeni sülh planı açıqlandı -
212 baxış

Ukraynanın 20 maddəlik yeni sülh planı açıqlandı - TAM MƏTN

Həftələrlə davam edən danışıqlardan sonra Ukrayna Rusiyanın hücumuna son qoymaq məqsədi daşıyan yenilənmiş sülh planını ilk dəfə ictimaiyyətə təqdim edib.

Bu plan noyabr ayında dərc olunmuş, ABŞ-ın müharibənin başa çatdırılmasına dair layihəsinə əsaslanır.

Ukrayna Prezidenti Volodimir Zelenski 20 maddəlik planı ABŞ-la razılaşdırılmış çərçivə sənədi layihəsi adlandırıb. O, sənəddə həm Ukraynanın, həm Rusiyanın, həm də ABŞ-ın mövqelərinin əks olunduğunu bildirib. Zelenskinin sözlərinə görə, bir çox maddələr üzrə mövqelər yaxınlaşıb və bəzi məsələlərdə razılıq əldə olunub. Bununla belə, əlavə müzakirələrə ehtiyac qalır. Xüsusilə Donbas bölgəsində Rusiyanın atəşkəs üçün tələb etdiyi ərazi güzəştləri məsələsi hələ də açıq qalır. Ukrayna bu ərazilərin bir hissəsinə nəzarəti saxlayır. Plan çərçivəsində NATO-ya üzvlük artıq tələb kimi irəli sürülmür.

Zelenski bildirib ki, o, Rusiyadan son layihəyə cavab gözləyir. Kreml isə plana yaxın vaxtlarda cavab hazırlanacağını bəyan edib.

Ukraynanın “Kyiv Independent” və “Kyiv Post” qəzetləri layihənin bütün 20 maddəsini dərc ediblər:

1. İmza atan tərəflər Ukraynanın suveren dövlət olduğunu təsdiqləyirlər.

2. Rusiya ilə Ukrayna arasında hərtərəfli və mübahisəsiz hücum etməmək haqqında saziş bağlanır. Peyklər vasitəsilə təmas xəttinə nəzarət edən və pozuntuları erkən müəyyən edən monitorinq mexanizmi yaradılır.

3. Ukrayna təhlükəsizlik zəmanətləri əldə edir.

4. Sülh dövründə Ukrayna ordusunun tərkibi 800 min hərbçidən ibarət olacaq.

5. ABŞ, NATO və Avropanın plana imza atan dövlətləri Ukraynaya NATO-nun 5-ci maddəsinə (“kollektiv müdafiə”) bənzər zəmanətlər verəcəklər. Aşağıdakılar nəzərə alınır:

a) Rusiya Ukraynaya hücum edərsə, koordinasiyalı hərbi cavab veriləcək və Rusiyaya qarşı bütün qlobal sanksiyalar yenidən qüvvəyə minəcək.

b) Ukrayna təxribat olmadan Rusiyaya daxil olarsa və ya Rusiya ərazisini atəşə tutarsa, təhlükəsizlik zəmanətləri etibarsız sayılacaq. Əksinə, Rusiya Ukraynanı atəşə tutarsa, zəmanətlər qüvvəyə minəcək.

c) Ukrayna ilə təxminən 30 ölkə arasında əvvəlcədən imzalanmış ikitərəfli təhlükəsizlik sazişləri qüvvədə qalır.

6. Rusiya Avropa və Ukraynaya qarşı hücum etməmək siyasətini bütün zəruri qanun və sənədlərdə rəsmiləşdirəcək və bunlar Rusiya Dövlət Duması tərəfindən ratifikasiya olunacaq.

7. Ukrayna dəqiq müəyyən edilmiş vaxtda Avropa İttifaqının üzvü olacaq və qısa müddətdə Avropa bazarına üstünlüklü çıxış əldə edəcək.

8. Ukrayna ayrı bir sazişlə detalları müəyyən edilən qlobal inkişaf paketinə sahib olacaq. Bu paket müxtəlif iqtisadi sahələri əhatə edəcək:

a) Texnologiya, data mərkəzləri və süni intellekt kimi sürətlə inkişaf edən sahələrə sərmayə yatıran inkişaf fondu yaradılacaq.

b) ABŞ hökuməti və ABŞ şirkətləri Ukraynanın qaz infrastrukturunun bərpası, modernləşdirilməsi və istismarı üçün Ukrayna ilə birgə çalışacaq.

c) Müharibədən zərər çəkmiş ərazilərin bərpası üçün birgə səylər göstəriləcək, əsas diqqət şəhər və yaşayış məhəllələrinin yenidən qurulmasına yönələcək.

d) İnfrastrukturun inkişafına üstünlük veriləcək.

e) Faydalı qazıntıların və təbii resursların hasilatı genişləndiriləcək.

f) Dünya Bankı bu səyləri dəstəkləmək üçün xüsusi maliyyə paketi təqdim edəcək.

g) Strateji bərpa planının icrasına və gələcək rifahın təmininə nəzarət etmək üçün tərkibində dünya səviyyəli maliyyə ekspertinin də olduğu yüksək səviyyəli işçi qrupu yaradılacaq.

9. Ukrayna iqtisadiyyatının bərpası, dağıdılmış bölgə və regionların yenidən qurulması və humanitar məsələlərin həlli üçün bir neçə fond yaradılacaq. Məqsəd Rusiya müharibəsinin vurduğu ziyanın təxmin edilən məbləği — 800 milyard ABŞ dollarını səfərbər etməkdir.

10. Ukrayna ABŞ-la azad ticarət sazişi üzrə danışıqları sürətləndirəcək.

11. Ukrayna nüvə silahına malik olmayan dövlət olaraq qalmaq öhdəliyini bir daha təsdiqləyir.

12. Zaporojye Atom Elektrik Stansiyası ABŞ və Ukrayna tərəfindən idarə olunacaq; pay bölgüsü əlavə danışıqların mövzusu olacaq. Ukrayna Moskvanın iştirakını rədd edir.

13. Ukrayna və Rusiya müxtəlif mədəniyyətlərə anlayış və tolerantlığı təşviq edən məktəb kursları tətbiq edəcəklər. Ukrayna dini tolerantlıq və azlıqların dillərinin qorunması ilə bağlı Aİ qaydalarını ratifikasiya edəcək.

14. Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrində sazişin imzalandığı gün mövcud olan hərbi mövqelər xətti de-fakto cəbhə xətti kimi tanınacaq.

a) Sazişin qüvvəyə minməsi üçün Rusiya Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərinin işğal olunmuş hissələrindən qoşunlarını çıxarmalıdır.

b) Sazişin icrasına nəzarət etmək üçün cəbhə xətti boyunca beynəlxalq qüvvələr yerləşdiriləcək.

c) Tərəflər 1949-cu il Cenevrə Konvensiyalarında və əlavə protokollarda təsbit olunmuş qaydalara, o cümlədən ümumbəşəri insan hüquqlarına əməl etməyi öhdələrinə götürürlər.

15. Rusiya və Ukrayna ərazi razılaşmalarını dəyişmək üçün gücdən istifadədən imtina edir və bütün münaqişələri diplomatik yollarla həll etməyi öhdəsinə götürür.

16. Rusiya Ukraynanın Dnepr çayı və Qara dənizdən kommersiya məqsədilə istifadəsinə mane olmayacaq. Ayrı dəniz sazişi gəmiçilik və nəqliyyat azadlığını təmin edəcək.

17. Humanitar komitə genişmiqyaslı əsir mübadiləsini, eləcə də mülki və siyasi məhbusların azad olunmasını təmin edəcək.

18. Ukrayna saziş imzalandıqdan sonra mümkün olan ən qısa müddətdə prezident seçkiləri keçirməlidir.

19. Saziş hüquqi cəhətdən məcburidir. Onun icrasına ABŞ Prezidenti Trampın sədrliyi ilə Sülh Şurası nəzarət edəcək. Bu prosesdə Ukrayna, Avropa, NATO və Rusiya iştirak edəcək. Pozuntular sanksiyalara səbəb olacaq.

20. Bütün tərəflər razılaşmanı təsdiqlədikdən dərhal sonra atəşkəs qüvvəyə minir.

Sarvan Səmədoğlu,
Almaniya

 

Bizə qoşulun