Üç günlük körpəni dənizə atan ana... Həyatımda ilk dəfə belə dəhşətli bir xəbərlə rastlaşıram. Ana necə bir psixologiyada, necə bir ruh halında olub ki, belə dəhşətli bir addım ata bilib?! İnanmaq mümkün deyil. Xüsusən də bu, bir ananın törədə biləcəyi ən dəhşətli hərəkətdir.
Ana – təbiətin ən güclü, ən ali varlığı deyildi? Həyat verən, qoruyan, məhəbbətlə balasını böyüdən... Amma bəzən insan öz təbiətinə, öz vicdanına qarşı çıxır.
Heyvanlarda belə vəhşilik eşitməmişəm. Onlar instinktiv olaraq öz balalarını qoruyur. İnsan isə bəzən ən təbii, ən müqəddəs vəzifəni ayaqlar altına alır, məhəbbət və şəfqət hisslərini unudur. Bu cür dəhşəti anlamaq çətindir; sözlə ifadə etmək, analiz etmək məşəqqətli işdir.
Bu xəbər qarşısında insan həm şokda qalır, həm də bir sual verir: niyə? Niyə bir ana, həyatın özü qədər müqəddəs olan bir varlığa bu qədər qəddarlıq edə bilər? İnsan təbiətinin qaranlıq tərəfi bəzən ən təmiz sevgi və mərhəmətləri belə məhv edir.
Uşaqlara qarşı tarix boyu ədalətsizlik olub. Hər dövrdə kimsə uşaqlardan istifadə edib, onları öz çirkli oyunlarının qurbanına çevirib. Müharibələrdə, fəlakətlərdə, ölüm düşərgələrində ən böyük zərbəni yenə də onlar alıb. Bu cür ağlasığmaz hadisələrin necə baş verdiyini, Tanrının buna necə izin verdiyini anlamaq həqiqətən çətindir.
Zaman keçir və daha acı bir həqiqəti dərk edirsən: ən vəhşi olan bəzən elə insanın özüdür. Heç bir məsuliyyət hiss etmədən uşaq dünyaya gətirib, sonra ilk çətinlikdə ondan imtina edənlər var. Nə qədər ironik və nə qədər ağır... Məncə, baxa bilməyəcəyin, qoruyub böyüdə bilməyəcəyin bir uşağı dünyaya gətirmək düzgün deyil. Əgər onu acımasız həyatın qucağına atıb çıxıb gedəcəksənsə, ağrıdığı an yanında olmayacaqsansa, o canı dünyaya gətirmə, gətirmə ki, yazıq olmasın.
Bu cür hadisələr bizi silkələməli, oyatmalı, insanlıq adına bir daha düşünməyə vadar etməlidir. Çünki susduqca belə faciələr davam edəcək.
Oğuz Ayvaz
