Medianews.az
Tütün məhsullarının bahalaşması ilə bağlı
80 baxış

Tütün məhsullarının bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA

Elektron siqaretlərin ölkəyə idxalı və satışına qadağaların gündəmə gəlməsi fonunda bu məhsullardan istifadə edənlərin bir qisminin ənənəvi siqaretə keçəcəyi, bunun da bazarda qiymət artımına səbəb olub-olmayacağı maraq doğurur. Maraqlıdır, siqarət qiymətləri bahalaşa bilərmi?

Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, elektron siqaretlərlə bağlı qadağaların tətbiqi üçün “Tütün və tütün məmulatları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər tələb olunur:

“Söhbət elektron siqaretlərin ölkəyə idxalı və satışına qoyulacaq qadağalardan gedir. Bu halda elektron siqaret istifadəçilərinin bir qismi ənənəvi siqaretə keçə, digəri isə ümumiyyətlə siqareti tərgidə bilər. Lakin bu proses siqaret qiymətlərinin bahalaşmasına birbaşa səbəb olmayacaq.”

Ekspertin sözlərinə görə, siqaret qiymətlərində gözlənilən artım elektron siqaretlərlə deyil, aksiz vergisinin artırılması ilə bağlıdır:

“Hazırda aksiz vergisi 1000 ədəd siqaret üçün 55 manat müəyyənləşdirilib ki, bu da təxminən 30 faiz artım deməkdir. Bu dəyişiklik bir paçka – yəni 20 ədəd siqaretin maya dəyərində təqribən 19 qəpik fərq yaradır. Nəticə etibarilə, sırf maya dəyəri baxımından siqaretlərin qiymətində 20–40 qəpik arasında bahalaşma gözlənilir.”

Asif İbrahimov əlavə edib ki, elektron siqaret bazarının bağlanmasından asılı olmayaraq, aksiz vergisi ilə bağlı qərar qüvvədə qalacaq və siqaret qiymətlərində artım onsuz da tətbiq ediləcək.

Bizə qoşulun