Qərb sanksiyalarının sərtləşdirilməsi fonunda Türkiyə Rusiyanın Urals markalı xam neftinin idxalını oktyabr ayı ilə müqayisədə üçdəbir qədər azaldıb.
Medianews.az xəbər verir ki, bu, Türkiyə neft emalı zavodlarını alternativ mənbələrə yönəlməyə məcbur edib.
Kpler və LSEG məlumatlarına görə, Urals neftinin idxalı gündə 100 min barel azalaraq 200 min barelə düşüb.
Avropa Birliyi ölkələri 2022-ci ildən Rusiya enerji resurslarından imtina etdikdən sonra Türkiyə Rusiyanın ən iri neft alıcılarından birinə çevrilmişdi. Hazırda isə ABŞ-ın “Lukoyl” və “Rosneft” şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən Türkiyə emal zavodları üçün uyğun təchizatçıların sayı azalır.
Bundan əlavə, 2026-cı ilin yanvarında qüvvəyə minəcək Aİ-nin Rusiya mənşəli yanacağa qadağası da Türkiyə şirkətlərini alternativ mənbələr axtarmağa məcbur edir. Son məlumatlara əsasən, Türkiyə artıq Qazaxıstanın CPC Blend və KEBCO, eləcə də İraqın Basrah neftinin idxalını artırıb. Noyabr ayında Türkiyə gündə 105 min barel CPC Blend alıb ki, bu da 2024-cü ilin fevralından bəri ən yüksək göstərici hesab olunur.(Globalinfo.az)