Medianews.az
“Trampdan sonra ABŞ-ın Zəngəzur dəhlizinə marağı zəifləyə bilər” –
86 baxış

“Trampdan sonra ABŞ-ın Zəngəzur dəhlizinə marağı zəifləyə bilər” – Ekspert

“Azərbaycan Avropa ilə əməkdaşlığı inkişaf etdirmək istiqamətində addımlar atması labüd görünür”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı inkişaf etdirməli və öz xarici siyasətini bu istiqamətdə qurmalıdır: “ABŞ etibarlı və etimad ediləcək ölkə statusunu itirir. Bu, Gürcüstan və Ukrayna nümunəsində özünü göstərdi. Rusiya və Çin ekspansionist və işğalçı siyasətə malikdir. Qonşularla normal əməkdaşlıq deyil, vassal siyasətinə üstünlük verirlər”.

M.Əsədullazadə vurğulayıb ki, Avropa İttifaqı və Böyük Britaniya yeni dünya siyasi nizamında mövqelərini möhkəmləndirmək istiqamətində ardıcıl siyasət aparır: “Demək olar ki, Rusiya-Ukrayna müharibəsində ABŞ-Rusiya sövdələşməsinin qarşısını Avropa alır. Almaniya artıq 50 milyard dollardan artıq hərbi paket qəbul edib. Həmçinin Böyük Britaniya və ardınca digər Avropa ölkələri oxşar qərarlar qəbul edirlər. Avropa üçün əsas dəyər olan demokratiyanın da qorunması və inkişaf etdirilməsi prioritet kimi qəbul edilib. Bunu Almaniyanın kansleri Fridrix Merts ABŞ Prezidenti Donlad Trampa cavab olaraq qeyd edib”.

Ekspertin fikrincə, Trampdan sonra ABŞ-ın Zəngəzur dəhlizinə marağı zəifləyə bilər: “Bu dəhlizə maraqlı tərəf əsasən Avropa İttifaqı olacaq. Böyük Britaniya-Avropa İttifaqı, Türkiyə-Cənubi Qafqaz və Mərkəzi Asiya xətti inkişaf edəcək. Azərbaycan Cənubi Qafqazda yeni siyasi nizam yaradıb. Həmçinin Mərkəzi Asiya ölkələri bu region üzərindən Qərblə əlaqələr qurur. Bu da regionda yeni siyasi transformasiyadır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun