“TikTok” platformasının sahibi olan Çinin “Bytedance” şirkəti “TikTok”un ABŞ-dakı biznesinin 80 faizini amerikalı və beynəlxalq investorlara satır. Bu razılaşma qısa video tətbiqinin ABŞ-da gələcəyi ilə bağlı illərlə davam edən qeyri-müəyyənliyə son qoyur.
Medianews.az xəbər verir ki, “Bytedance” aparıcı üç investorla – ABŞ-nin “Oracle”, “Silver Lake” şirkətləri və Birləşmiş Ərəb Əmirliklərində yerləşən MGX şirkəti ilə məcburi qüvvəyə malik sazişlər imzalayıb. Bu üç investor yeni birgə müəssisə yaradacaq.
ABŞ-də “TikTok”un 170 milyondan çox istifadəçisi var. Baş verənlərin “TikTok”un ABŞ-dən kənardakı fəaliyyətinə təsir göstərəcəyi gözlənilmir.
Məsələnin kökündə ABŞ-ın keçmiş Prezidenti Co Baydenin dövründə qəbul edilmiş qanun dayanır. Həmin qanun “Bytedance”i tətbiq mağazalarından çıxarılmanın qarşısını almaq üçün “TikTok”un ABŞ-dəki biznesini satmağa məcbur edir. Vaşinqton bu qərarı milli təhlükəsizlik maraqları ilə əsaslandırmışdı. “TikTok”da Çin təbliğatının yayılması və ya ABŞ istifadəçilərinin məlumatlarının izlənməsi ehtimalı ilə bağlı narahatlıqlar mövcud idi.
Qanuna əsasən, “TikTok” ən geci 19 yanvar 2025-ci ilədək “Bytedance”dən ayrılmalı idi. Lakin Baydenin varisi Donald Tramp yanvar ayında vəzifəsinin icrasına başlayan kimi qanunun tətbiqini dayandırdı və müddəti bir neçə dəfə uzatdı.