"TikTok", "Meta", Google Azərbaycanda vergiyə cəlb olunmalıdır”.
Bu sözləri millər vəkili Elçin Mirzəbəyli Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
Deputatın fikrincə, xarici rəqəmsal platformalar ədalətli vergiyə və öhdəliklərə cəlb olunmalıdırlar:
"Yerli medianın qorunması və bərabər rəqabəti təmin etmək üçün xarici rəqəmsal platformalara rəqəmsal reklam vergisi tətbiq olunmalı, "TikTok", "Meta", "Google" və digər qlobal resurslar qarşısında yerli təsisçi və ya nümayəndəlik, yerli server və təmsilçilik açmaq açmaq öhdəliyi qoyulmalı, eləcə onlardan uşaq-kontent qaydalarına riayət edilməsi tələb olunmalıdır. Bu addımlar həm dövlət büdcəsinin yükünü azalda, həm reklam bazarını tənzimləyə, həm də informasiya təhlükəsizliyinə mühüm töhfə verə bilər".
Xarici rəqəmsal platformaların - “TikTok”, “Meta”, “Google” və digərlərinin Azərbaycanda vergiyə cəlb olunması hazırkı iqtisadi mühitdə nə dərəcədə real və effektiv mexanizm sayıla bilər? Belə bir qərar ölkədə internet biznesinin inkişafına və startap ekosisteminə hansı mənfi və ya müsbət təsirləri göstərə bilər?
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, təkcə sosial şəbəkələr deyil, ümumiyyətlə, bütün rəqəmsal platformalar hansısa ölkədə real gəlir əldə edirsə, həmin ölkənin vergi məkanına daxil olmalıdır:
![]()
“Bu, sadəcə bu günün müzakirəsi olan bir məsələ deyil, artıq dünyanın demək olar ki, bütün inkişaf etmiş ölkələrində qəbul olunmuş, oturuşmuş və praktikada özünü doğrultmuş bir modeldir. Azərbaycan üçün də həmin sistemin tətbiqi tamamilə təbii, zəruri və qaçılmazdır. Sadəcə olaraq bunun üçün düzgün, işlək, şəffaf və müasir tələblərə uyğun bir mexanizmin formalaşdırılması mühümdür.
Söhbət elə bir hüquqi və institusional mexanizmdən gedir ki, həm rəqəmsal iqtisadiyyatın inkişafını, startap və innovasiya mühitinin genişlənməsini stimullaşdırmalı, həm də rəqəmsal platformaların fəaliyyətinə aydın, sabit və ədalətli qaydalar tətbiq etməlidir. Bunun üçün də, məncə, ən effektiv yol beynəlxalq təcrübəyə əsaslanmaqdır”.
Eldəniz Əmirov vurğulayıb ki, artıq 7-8 ildir ki, dünyanın bir çox ölkələrində istər “TikTok”, “Meta”, “Google”, istərsə də digər iri qlobal rəqəmsal şirkətlər harada gəlir əldə edirlərsə, həmin gəlirin müəyyən hissəsini birbaşa o ölkəyə ödəmək öhdəliyi daşıyırlar:
“Bu ödənişin adına müxtəlif terminlər deyə bilərik - vergi, rəqəmsal xidmət haqqı, reklam vergisi, texnoloji fəaliyyət rüsumu, hətta kommersiya hüququ ödənişi kimi və sairə. Amma mahiyyət eynidir - qlobal platforma həmin ölkənin iqtisadi mühitindən gəlir qazanırsa, bu gəlirin bir hissəsi həmin ölkəyə geri qayıtmalıdır.
Avropa İttifaqında, Böyük Britaniyada, Avstraliyada, Kanadada və digər inkişaf etmiş ölkələrdə bu tip fəaliyyətlər bəzən hətta ƏDV-yə belə cəlb olunur. Rəqəmsal reklam vergisi, platforma rüsumu, istifadəçi məlumatlarının kommersiyalaşdırılmasından əldə olunan gəlirlərə vergi - bütün bu mexanizmlər artıq illərdir tətbiq edilir və özünü tamamilə doğruldub.
Azərbaycan üçün də bu istiqamətdə müəyyən normativ baza faktiki olaraq mövcuddur, amma bu çərçivələr daha geniş, daha hədəfli, daha funksional qaydalar formalaşdırılmalıdır.
Təcrübəyə baxanda görürük ki, qlobal platformalar adətən üç əsas xətt üzrə vergiyə cəlb olunurlar: reklam gəlirləri, kommersiya və rəqəmsal xidmət haqları, istifadəçi məlumatlarının emalı və satışı nəticəsində əldə edilən qazanc.
Azərbaycan bütün bu nümunələri araşdırıb ən uyğun modeli tətbiq edə bilər. Mənim fikrimcə, ən praktik, ən yaxın və ən uğurlu örnək kimi Türkiyənin modeli Azərbaycana çox rahat şəkildə uyğunlaşdırıla bilər və böyük ehtimalla, yaxın illərdə bu belə də olacaq. Çünki bu gün ölkəmizdə aparılan vergi siyasətinə nəzər salanda açıq görünür ki, gedişat məhz bu istiqamətdədir və bu prosesi nə qədər tez başa çatdırsaq, bir o qədər düzgün olar.
Mənim bu mövzuda hər zaman vurğuladığım çox mühüm bir fikir var: əgər minimum əməkhaqqı ilə çalışan, qışın şaxtasında, yayın istisində səhər tezdən küçələri süpürən yaşlı qadın öz maaşından vergi ödəyirsə; əgər bir məktəbdə 40 şagirdin qarşısında bütün günü ayaq üstə dərs deyən, ən çətin kontingentlə işləyən müəllim öz qazancından vergi verirsə, o zaman gəliri olan hər kəs vergi verməlidir. Hələ söhbət xarici şəbəkələrdən gedirsə”.