Lerik rayonunun Peştətük, Vizəzəmin, Sipyəreğon, Kıncıvo, Cənginəvud və Kornədi kəndlərinin sakinləri yolların bərbad vəziyyətdə olmasından əziyyət çəkirlər.
Bununla bağlı Musavat.com-a müraciət edən sakinlər deyir ki, bu kəndləri birləşdirən yol hələ 1986-cı ildə “soyuq asfalt” üsulu ilə çəkilib və artıq istismar müddətini çoxdan başa vurub. Yol demək olar ki, dağılmış vəziyyətdədir. Onların sözlərinə görə, qeyd edilən kəndləri birləşdirən yollar ümumilikdə 9 kilometrdir. Sakinlər bildirir ki, bir neçə dəfə kənd icmaları öz vəsaitləri hesabına yola çınqıl töküblər, ancaq bu da yolsuzluq problemini həll etməyib:
“Biz öz vəsaitimizlə qrabel tökdürmüşük. Amma yağış yağan kimi yol yenidən palçığa çevrilir. Hərəkət etmək mümkün deyil. Uşaqlar məktəbə gedəndə böyük çətinlik çəkirlər. Maşınların təkərləri tez-tez sıradan çıxır. Daş, çınqıl üzərində hərəkət edirik, bu da qəzaya səbəb ola bilər”, – deyə kənd sakinləri bildirirlər.
Sakinlər dəfələrlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ediblər, məktublar yazıblar. Hətta AAYDA İdarə Heyətinin sabiq sədri Saleh Məmmədovun qəbulunda da olublar:
“Bizə kəndlərdə yol çəkiləcəyinə dair sədr söz versə də biz nəticəni görmədik.Yenə də yolsuzluqdan əziyyət çəkirik”.
Hazırda Sipyəreğon və Kıncıvo kəndlərində mövcud olan 65 evin əksəriyyətində, Vizəzəmin və Cənginəvudda 72 evdən 61-də, Kornədidə isə 25 evin 18-də faktiki yaşayış var. Sakinlər deyirlər ki, kənddə qalmaq üçün əsas infrastruktur, o cümlədən yol problemi aradan qaldırılmalıdır:
“Biz AAYDA-nın İdarə Heyətinin yeni sədri Vüsal Zakir oğlu Nəsirliyə müraciət edib, xahiş edirik ki, Lerikin yol problemini diqqətdə saxlasın və həyati əhəmiyyətli olan bu məsələdə leriklilərin səsinə səs versin. Bizə yol problemi ilə başa çıxmaqda tək qoymasın”.
Musavat.com-a açıqlama verən AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, Lerik rayonunun sözügedən kənd yolları ilə bağlı təkliflər hazırlanaraq, aidiyyəti üzrə təqdim olunub ki, investisiya proqramına daxil edilsin: ”İnvestisiya proqramına daxil edildikdən sonra həmin yolların əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulur”.





