Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyinin mayoru İlham Haqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Medianews.az xəbər verir ki, müttəhim Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi vəzifəsini daşıyıb. İttihama görə, İlham Haqverdiyev həmin vəzifədə xidmətdə olarkən bir qrup mülki şəxsi rüşvət almaqla işə götürüb. "İstirahət evi"nin maddi təminat bölməsinin rəisi kapitan Muraz Həsənov Etibar Seyranovun orada işləyən qohumu vasitəsi ilə aldığı 2500 manatı İlham Haqverdiyevə çatdırıb. Bundan sonra Etibar Seyranov işə qəbul edilib.
Yeganə Abdulvahabovanın xadimə işinə qəbul olunması üçün isə 1500 manat tələb olunub. Amma Y.Abdulvahabova həmin məbləğə imkanı çatmadığını orada işləyən qohumu vasitəsi ilə Muraz Həsənova çatdırıb. Nəhayətdə İ.Haqverdiyev 1000 manat müqabilində onu işə götürüb.
M.Həsənov qeyd olunan məbləği Y.Abdulvahabovanın qohumundan alaraq xidməti otağında İ.Haqverdiyevə verib. "İstirahət evi"ndə işləyən Adil Xanbalayevin yaş həddi ilə bağlı işdə qalmaq müddətinin 1 il uzadılması üçün ondan 800 manat alınıb.
"İstirahət evi"nin digər işçisi Allahverdi İbrahimlinin gündüz növbəsinə yazılmaması üçün ondan 500 manat alınıb. İttihama münasibət bildirən İ.Haqverdiyev özünü təqsirli bilməyib.
Şahid qismində ifadə verən Muraz Həsənov deyib ki, İlham Haqverdiyev iclaslarda işə mülkü şəxslərin qəbulunu təklif edib: “Deyirdi ki, işə götürməyə adam lazımdır, kimin tanışı varsa, müraciət etsin. Buna əsaslanaraq əməkdaşlara məlumat verdim. Qohumları iş axtaran işçilərin sözünü İlham Haqverdiyevə çatdırmışam. O da problem olmadığını deyib”.
Şahid Etibar Seyranovun işə qəbul olması üçün verdiyi 2500 manatdan 500 manatın ona çatması məsələsini belə izah edib: “Mən həmin dövrdə "İstirahət evi"nin avtobusunu rənglətdirmişdim. Buna 650 manat xərcim çıxmışdı. Həmin 500 manatı ona hesabladım”.
Sorğu-sual zamanı məlum olub ki, Muraz Həsənov bir neçə nəfərin işə qəbulundan ötrü aldığı pulların sahiblərinə qaytarılması üçün istintaqa təqdim edib: “İşlərin görülməsi üçün yazılan və yazılmayan qanunlar var. Mən aldığım pulların hamısını xidməti otağında İlham Haqverdiyevə vermişəm. Yanımızda üçüncü şəxs olmayıb”.
Sualları cavablandıran şahid deyib ki, İlham Haqverdiyevin işçiləri rüşvət müqabilində işə götürməsi barədə məlumatı istintaqa verib. Vəkilin “niyə 2025-ci ilin mart-aprel aylarında yox, 6 ay sonra bununla bağlı istintaqa müraciət etdiniz” sualına şahid belə cavab verib: “O dövrdə münasibətlərimiz yaxşı idi. Mən məzuniyyətdə olanda İlham Haqverdiyev deyib ki, onun əvəzindən işə götürülənlərdən rüşvət alınıb. Ünvanıma da təhqiredici ifadələr işlədib. Bundan sonra onun barəsində müvafiq quruma müraciət etdim”.
Qeyd edək ki, İlham Haqverdiyevin barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib. İttihama görə, o, rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib. Xatırladaq ki, o, Hərbi Prokurorluq tərəfindən məsuliyyətə cəlb olunub. Növbəti proses martın 2-də davam edəcək.