SEPAH-a yaxın informasiya resurslarında yayılan bəyanatda “Amerikanın cəzalandırılacağı günün yaxınlaşdığı” bildirilir və ABŞ ilə əməkdaşlıq edən ölkələrə açıq şəkildə xəbərdar edilir. Mesajda Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Azərbaycanla yanaşı, Ermənistanın da diqqət mərkəzində olduğu xüsusi vurğulanır.
Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Musavat.com-a açıqlamasında bildirib ki, SEPAH-a yaxın informasiya resurslarında yayılan və “Amerikanın cəzalandırılacağı günün yaxınlaşdığı” barədə mesajlar ilk növbədə İran-ABŞ münasibətlərində davam edən sistemli qarşıdurmanın tərkib hissəsi kimi qiymətləndirilməlidir: “Bu tip bəyanatlar adətən konkret bir səfərə və ya epizodik hadisəyə reaksiya olmaqdan daha çox, Tehranın ümumi strateji mesajının elementidir. ABŞ vitse-prezidentinin regiona səfəri və Vaşinqtonun Cənubi Qafqazda fəallaşması İran tərəfindən narahatlıqla qarşılanır, lakin bu, mövcud ritorikanın yeganə səbəbi deyil. Əsas fon nüvə proqramı, sanksiyalar, regional nüfuz uğrunda rəqabət və təhlükəsizlik arxitekturasının dəyişməsi ilə bağlıdır. ABŞ-nin həm Azərbaycan, həm də Ermənistanla siyasi və təhlükəsizlik sahəsində təmasları genişləndirməsi Tehran üçün iki aspektdən həssasdır: birincisi, İran sərhədləri yaxınlığında Qərb təsirinin artması; ikincisi isə regionda yeni geosiyasi balansın formalaşması. Bu səbəbdən SEPAH-a yaxın resursların Körfəz ölkələri ilə yanaşı, Azərbaycan və Ermənistanın da adını çəkməsi daha çox xəbərdaredici və çəkindirici xarakter daşıyır”.
V.Zifəroğlunun fikrincə, Cənubi Qafqaz üçün risklər bir neçə istiqamətdə ola bilər: “Hərbi baxımdan birbaşa genişmiqyaslı toqquşma ehtimalı istisna olsa da, dolayı təsir mexanizmləri-sərhəd boyunca güc nümayişi, regional aktorlar üzərindən təzyiq arta bilər. İqtisadi müstəvidə enerji və nəqliyyat layihələrinin geosiyasi təzyiq alətinə çevrilməsi mümkündür. Xüsusilə, tranzit marşrutları və alternativ enerji dəhlizləri rəqabət predmetinə çevrilə bilər. Kiber və informasiya sahəsində isə dezinformasiya kampaniyaları, kiberhücumlar və ictimai rəyə təsir cəhdləri ehtimalı yüksələ bilər. İran və Qərb arasında gərginlik artdıqca bu tip hibrid alətlər daha fəal istifadə olunur”.

SEPAH-ın təhdid bəyanatında Ermənistanın adının çəkilməsinə gəlincə, V.Zifəroğlu hesab edir ki, bu, İran-Ermənistan münasibətlərinin tamamilə yeni mərhələyə keçdiyini göstərmir, lakin İrəvanın son dövrdə Qərblə, xüsusilə ABŞ və Avropa strukturları ilə əməkdaşlığı genişləndirməsi fonunda Tehranın daha həssas mövqe tutduğuna işarədir: “İran Ermənistanı uzun müddət regionda balanslaşdırıcı tərəfdaş kimi görüb. Əgər İrəvanın Qərblə təhlükəsizlik sahəsində inteqrasiyası dərinləşərsə, Tehran bunu öz təhlükəsizlik mühitinə təsir edən faktor kimi qiymətləndirə bilər. Bu isə münasibətlərdə ehtiyatlılıq mərhələsinin başlanmasına işarədir, lakin açıq qarşıdurma demək deyil. Nəticə etibarilə, yayılan bəyanat geniş geosiyasi qarşıdurmanın ritorik elementidir. ABŞ vitse-prezidentinin səfəri bu kontekstdə katalizator rolunu oynaya bilər, lakin proses daha dərin və struktur xarakterlidir. Cənubi Qafqaz üçün əsas risk birbaşa müharibə deyil, geosiyasi rəqabətin intensivləşməsi və hibrid təzyiq alətlərinin artmasıdır. Region ölkələrinin balanslaşdırılmış və çoxvektorlu siyasəti bu risklərin idarə olunmasında həlledici rol oynayacaq”.