“Kino Agentliyində fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək. Komissiyanın üzvlərindən biri də eşitdiyimə görə Şəfiqə Məmmədovadır. Şəfiqə niyə kinoya yapışıb? O axı kimdir? Artistlərin kinoya heç bir aidiyyatı yoxdur. Kino sintetik sənət sahəsidir. Kinonun sahibi rejissordur. Aktyor və aktrisalar rejissorun silahları, alətləridir. Şəfiqə 42 il bundan əvvəl kinoya çəkilib, niyə ortalığa düşüb? Şəfiqə Azərbaycan kinosu üçün nə edib? Neçə illərdir “Azərbaycanfilm” kinostudiyası pis vəziyyətdədir, niyə bir dəfə danışmayıb? Niyə bir dəfə müraciət etməyib?
Nə vaxtsa kinonu təmsil etdiyini görməmişəm. Şəfiqə Məmmədova teatr aktrisasıdır, ordan da 30 ildir çıxıb. 3-4 dəfə Sovet dönəmində kinoya çəkilib. 42 ildir bu insan kinostudiyanın qapısını tanımır. Atıblar ortalığa, hər yerdə Şəfiqə, hər yerdə Şəfiqə. Hörmətli xanımdır, ağbirçəkdir, yaşlı qadındır, 80 yaşı var. Millətin kino industriyası haqda təsəvvürü yoxdur deyə, hansı artisti görür deyir ki, elə budur. Daha bilmirlər ki, artist kinonun yiyəsi deyil. Olmayan kinonun adı ilə alver edirlər".
Bunu Medianews.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib.

O daha sonra bildirib ki, kino üçün son illərdə də böyük işlər görüb:
“Bir sistem formalaşdırıblar. Hara baxırsan eyni adamlar, rəsmi tədbirlərdə eyni simalar olur. Guya bunlar kino üçün daha çox iş görüblər. Təvazökarlıqdan uzaq da olsa deyəcəm ki, mən yeganə adamam ki, 30 illik durğunluq dövründə də Şah İsmayıl Xətai haqda 4 seriyalı senari, Ağa Məhəmməd şah Qacar haqqında iki seriyalı senari yazmışam. 10-a qədər filmlərdə çəkilmişəm, verilişlər hazırlamışam, kitablar çap etdirmişəm. Mən bir dəqiqə də sakit dayanmamışam. Bütün bunlara rəğmən döyülən də, söyülən də mənəm. Heç kim ağzını açıb danışmır” deyə o bildirib.
Xalq artisti bildirib ki, həmkarları ilə birgə “Azərbaycanfilm” kinostudiyası üçün müraciət hazırlayıblar:
“Bu dəqiqə bütün enerjim, vaxtım, əsəbim kinostudiyanın təmir olunmasına yönəlib. Başda Ramiz Rövşən, Hüseyn Mehdiyev, Ayaz Salayev, Cəmil Quliyev və o cümlədən də mənim təşəbbüsümlə məktubla ölkə başçısına müraciət edəcəyik. Bu müraciətə bir neçə ziyalı və millət vəkili də dəstək verəcək.

O boyda tarixi salnamə, mədəniyyət yaradan “Azərbaycanfilm” kinostudiyası görün necə uçulub-sökülür. Bu həqiqətən də böyük ayıbdır. Kinostudiyanın qapısından qara bir qıfıl asılıb. Başında qara buludlar əsir. Kinostudiyanın maddi-texniki bazasını yığmaq üçün sıfırdan başlamaq lazımdır. Bu işi mərhələ-mərhələ peşəkar insanlar hazırlamalıdırlar” deyə sənətkar bildirib.