Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur. Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb.
Bu barədə Medianews.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bir daha qeyd edirik ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa "Cloudflare"-in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.
Məlumat üçün bildirək ki, nasazlıqla bağlı "Cloudflare"də açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür.