Türkiyənin Antalya vilayətinin Muratpaşa rayonundakı əyləncə məkanında kişiləri aldadıb yüksək məbləğdə hesab ödətdirən dəstə ifşa olunub.
Medianews.az xəbər verir ki, polis 3 aylıq əməliyyat nəticəsində 17-si qadın olmaqla 29 nəfəri saxlayıb.
Aydın olub ki, dəstə üzvləri sosial şəbəkələrdə saxta qadın profilləri açaraq kişiləri məkana cəlb edirmişlər. Həmin məkanda çalışan qadınlar isə tora düşən müştərilərə “əyləncə” bəhanəsi ilə 8-10 dəfə artıq hesab təqdim edirmişlər.
Müştərilər etiraz etdikdə onların üstünə silah çəkib hədə-qorxu gəlməklə hesabı alırmışlar. Toplanan pullar hər gün dəstə üzvləri arasında bölünürmüş.
Hüquq mühafizə orqanlarının “Son qədəh” şərti adı altında keçirdiyi əməliyyatda iki qanunsuz silah, yüzə yaxın patron və çoxlu sayda sənəd götürülüb.
16 nəfər “qabaqcadan planlaşdırılmış soyğunçuluq, qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu gəlmə və şəxsiyyəti alçaltma” ittihamları ilə həbs olunub.
Medianews.az





