“Mən milliyyətçi, türkçü düşüncəyə sahib bir insanam. Bu səbəbdən çıxışlarımda və fikirlərimdə daim Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquq və haqlarını müdafiə etmişəm. Məhz bu mövqeyimə görə İranın fars-molla rejimi uzun illərdir heç bir əsaslı səbəb göstərmədən mənim ölkəyə girişimə qadağa qoyub. Bu qadağanın əsas səbəbi mənim milli mövqeyim və soydaşlarımızın hüquqlarını açıq şəkildə dilə gətirməyimdir".

Bunu Medianews.az-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib. O daha sonra əlavə edib:
“İstər İkinci Qarabağ müharibəsi zamanı baş verən hadisələr, istərsə də Naxçıvanın bilərəkdən vurulması, teror aktının törədilməsi fars-molla rejiminin iç üzünü açıq şəkildə ortaya qoydu. Allah xalqımızı və ordumuzu qorusun. Cənab Prezident hər zaman vurğulayır ki, nəyi, necə və nə vaxt etməyi çox yaxşı bilir. Bizim Müzəffər Ali Baş Komandanımız dövlətimizin maraqlarını qorumaqda qətiyyətli və prinsipial mövqeyi ilə seçilir. Azərbaycan xalqı əmindir ki, ölkəmizin təhlükəsizliyi və suverenliyi hər zaman ən yüksək səviyyədə qorunur. Dövlətimizin başçısı xalqımızı və ölkəmizi qorumaq üçün kifayət qədər gücə, siyasi iradəyə və qətiyyətə malikdir. Biz də inanırıq ki, lazım olan anda ən doğru qərar veriləcək və Azərbaycan hər zaman olduğu kimi öz sözünü deyəcək” deyə sənətçi bildirib.