Putinin 2036-cı ilədək qüvvədə olacaq milli siyasət strategiyasını təsdiqləməsi həm Rusiyanın daxili vəziyyəti, həm də xaricdə təsir dairəsini qorumaq cəhdləri ilə bağlıdır.
Sənəddə rus xalqının “dövlət formalaşdıran” rolunun gücləndirilməsi, rus mədəniyyətinə dair tədbirlərin artırılması, rus dilinin və mədəniyyətinin xaricdə təşviqi kimi məqsədlər qeyd edilir. Bu strategiya bir tərəfdən ölkə daxilində milli münasibətlərdə stabillik yaratmağa yönəlikdir, digər tərəfdən isə Rusiyanın yumşaq güc imkanlarının genişləndirilməsinə xidmət edir.
Rusiyada son illər müxtəlif sosial qrupların hüquqlarının məhdudlaşdırılması, iqtisadi və siyasi gərginliklərin artması Kremlin vahid ideoloji çərçivə yaratmaq cəhdlərini gücləndirib. Strategiyada 2036-cı ilə qədər rusiyalıların 95 faizinin vətəndaş özünüdərki nümayiş etdirməsi və əhali arasında milli münasibətləri müsbət qiymətləndirənlərin payının 85 faizə çatdırılması kimi hədəflər göstərilir. Bu yanaşma mədəni inteqrasiya, rus dilinin hegemon mövqeyinin gücləndirilməsi və ölkə daxilində mərkəzləşməni artırmaq niyyəti ilə səsləşir. Sənədin Ukraynanın işğal olunmuş ərazilərinə də şamil edilməsi həmin regionların “ümumrusiya məkanına” ideoloji inteqrasiyası məqsədini açıq şəkildə göstərir.
Strategiyanın xaricə yönəlmiş hissəsi Rusiyanın yumşaq güc siyasətini genişləndirmək istəyi ilə bağlıdır. Rusiya xarici ölkələrdə, xüsusilə postsovet məkanında rus dilinin və rus mədəniyyətinin mövqelərini strateji resurs kimi qiymətləndirir. Xaricdə rusofobiya, ksenofobiya və neonasizmlə mübarizə adı altında aparılan tədbirlər Kremlin öz təsir sferalarını qorumaq və genişləndirmək üçün ideoloji-informasiya alətləri kimi çıxış edir. Bu mənada, iyul ayında yayılan məlumatlarda VTsIOM-un Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə rus dilinin təbliği ilə bağlı sosioloji tədqiqat aparması üçün 34.8 milyon rubl məbləğində tender qazanması məhz həmin yumşaq güc siyasətinin tərkib hissəsidir.
Azərbaycan kontekstində rus dilinin yayılması faktiki olaraq heç bir təhlükə altında deyil. Ölkədə 340-dan çox rusdilli məktəb, universitetlərdə rus bölmələri, paralel tədris proqramları mövcuddur və rus icması fəaliyyətdədir. Azərbaycan dövləti rus dilinin qorunması və tədrisi üçün öz imkanları daxilində yetərli addımlar atır. Buna baxmayaraq, Rusiya üçün bu vəziyyət sadəcə mövcud durumun qorunması deyil, həm də strateji təsir alətinin inkişaf etdirilməsi kimi dəyərləndirilir. Yəni Kremlin marağı “problem varsa həll edək” prinsipi ilə deyil, “mövqeləri möhkəmləndirək və gələcək dəyişikliklərin qarşısını alaq” yanaşması ilə formalaşır.
Kremlin strategiyası rus dilini təkcə tədris dili kimi deyil, həm də mədəni-ideoloji platforma, regional təsirin daşıyıcısı kimi görür. Buna görə də Azərbaycanda rus dilinin geniş yayılmış olmasına baxmayaraq, Moskvadan gələn maliyyə dəstəyi və təşviq layihələri Rusiya üçün təsir zonalarının qorunması baxımından mühüm hesab edilir. Digər tərəfdən, bu cür təşəbbüslərin Azərbaycanda əlavə ehtiyacı doğurub-doğurmadığı sualı açıq qalır, çünki ölkədə rus dilinin mövqeyi dövlət səviyyəsində onsuz da təmin edilir.
Elm və Təhsil Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanın ümumi təhsil müəssisələrində 1 milyon 682 min 480 şagird təhsil alır. Onların 1 milyon 507 mini Azərbaycan, 157 min şagird rus, 15 min şagird ingilis, 2 min 500 şagird türk, 980 şagird isə gürcü dili bölməsində təhsil alır. Göründüyü kimi, xarici dillərdə təhsil alan şagirdlər arasında da dominant mövqe rus dilinə məxsusdur. Belə olan halda, əslində Kreml Azərbaycanda rus dilinin qorunması barədə heç bir düşüncəyə malik olmamalıdır.
Nəticə etibarilə, Putin tərəfindən təsdiqlənmiş strategiya həm daxili, həm də xarici auditoriyaya yönəlmiş kompleks siyasi alətdir. Onun xaricə yönələn komponentləri, o cümlədən rus dilinin təşviqi təşəbbüsləri, Rusiyanın postsovet məkanında yumşaq gücünü qorumaq və möhkəmləndirmək istəyindən irəli gəlir. Azərbaycan kimi ölkələrdə vəziyyət problemli olmasa da, Moskva regiondakı nüfuzunun gələcəkdə zəifləməməsi üçün proaktiv şəkildə fəaliyyət göstərir. Bu isə həm mədəni inteqrasiya, həm ideoloji təsir, həm də geosiyasi mövqelərin qorunması baxımından Rusiyanın uzunmüddətli strategiyasına uyğundur.
Akif Nəsirli,
"Bakı xəbər"