Yazıçı Firuz Mustafa Rusiyanın keçmiş Xarici İşlər naziri İqor İvanovla Azərbaycan arasında maraqlı bir tarixi bağlılıqdan yazıb.
Medianews.az xəbər verir ki, müəllifin qeyd etdiyinə görə, bu bağlılıq İqor İvanovun ailə tarixində gizlənən mühüm bir faktla əlaqəlidir.
Firuz Mustafa xatırladır ki, İqor Sergeyeviç İvanov 1998–2004-cü illərdə Rusiyanın Xarici İşlər naziri olub, bu vəzifədə Sergey Lavrovdan əvvəl Yeltsin və Putin komandasında çalışıb. O, 2004–2007-ci illərdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi, 2011-ci ildən isə Rusiyanın Beynəlxalq Məsələlər Şurasının prezidenti kimi fəaliyyət göstərib.
Yazıçı bildirir ki, İqor İvanov 1945-ci ildə Tiflisdə anadan olub. Anası gürcü olub və QAİ (DAM) sistemində işləyib. Atası Sergey Vyaçeslavoviç İvanov isə İkinci Cahan müharibəsinin iştirakçısı, briqada komandiri olub.
Müəllifin diqqət çəkdiyi əsas məqam ondan ibarətdir ki, Rusiyanın keçmiş XİN nazirinin atası Sergey Vyaçeslavoviç İvanov 1975-ci ildə Azərbaycanda - Saatlı rayonunda dəfn edilib. Firuz Mustafa qeyd edir ki, həmin il özü də təyinatla Saatlı rayonunda müəllim işləməyə gedib.
Yazıçı əlavə edir ki, tərcümeyi-hala əsasən, elə həmin illərdə - SSRİ dövründə - İqor İvanov da Xarici İşlər Nazirliyi sistemində çalışıb, lakin daha aşağı vəzifədə.
Firuz Mustafa sonda bildirir ki, yəqin Saatlı rayonunda İqor İvanovun atasının dəfn olunduğu yeri bilənlər tapılar və bu fakt Azərbaycanla Rusiya arasındakı münasibətlərin az tanınan tarixi məqamlarından biri kimi maraq doğurur.