Noyabrın 19-da Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə gedəcək. İstanbulda Ukrayna ilə bağlı danışıqlar keçiriləcək. Danışıqlar Zelenski və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun iştirakı ilə baş tutacaq.
Rusiya tərəfi İstanbula gəlməkdən imtina edib. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
O zaman bir sual meydana çıxır. Rusiyanın iştirakı olmadan nələr müzakirə edilə bilər? Özü də Türkiyədə...
Bəllidir ki, Rusiya-Türkiyə əlaqələri ən yüksək səviyyədə olduğu dövrü yaşayır.
Belə bir vaxtda Rusiya nə üçün danışıqlarda iştirak etmir? Moskva-Ankara arasında soyuqluq yaranıb?
![]()
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli hesab edir ki, Türkiyə-Rusiya yaxınlığını istəməyən qüvvələr iş başına keçə bilər. O, təxminlərini Musavat.com-a bölüşüb:
“Rusiya-Ukrayna müharibəsində ən faydalı vasitəçilik indiyədək Türkiyəyə məxsusdur. Lakin Türkiyənin vasitəçiliyini Qərb ölkələri və Birləşmiş Ştatlar istəmir. Bunu heç də gizlətmək istəmir. Çünki Türkiyənin prosesdə aktiv iştirakı onun nüfuzunu artıra və beynəlxalq aktorlardan birinə çevirə bilər. Bununla belə, ABŞ və Avropa Birliyinin vasitəçiliyi isə indiyədək heç bir effekt verməyib. Çox güman ki, vasitəçilərin münaqişənin həllində öz maraqlarını güdməsi belə bir nəticənin ortaya çıxmasınə səbəb olub.
Türkiyə isə həm Rusiya, həm də Ukrayna ilə münasibətlərdə bitərəfliyini qoruyub saxlamaqda və yalnız müharibənin dayandırılmasında maraqlı olduğunu göstərməkdədir. Hər iki ölkənin Türkiyəyə etimadı yüksək səviyyədədir. Son vaxtlar həm Rusiya, həm də Ukrayna tərəfi İstanbul danışıqlarının davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Münaqişəli tərəflərin bu istəkləri rəsmi Ankaranın mövqeyini təbii olaraq önə çıxarır. Belə bir durumda Türkiyə ilə rəsmi Moskvanın münasibətlərinin pozulmasına cəhdlər edilə bilər”.