Uralda Azərbaycan diasporu yeni lider seçməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə “Svobodnaya pressa”(“SP”) yazıb.
Bildirilir ki, avqustun əvvəlində Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski və oğlu saxlanılıb. Qeyd edək ki, Şahin Şıxlınski barəsində Rusiya Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə), həmçinin sifarişli qətlə cəhd maddələri ilə cinayət işi açılıb.
Bir neçə gün əvvəl Ş. Şıxlinskiyə yekun ittiham elan edilib, iş baxılması üçün məhkəməyə göndərilib.
Məlumata görə, Şahin Şıxlinski barədə cinayət işi üzrə ifadələri Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməni əsilli Karapetyan alıb.

Daha sonra Şıxlinskini diaspora lideri kimi “əvəz edən” Vidadi Mustafayev də həbs edilib. O da külli miqdarda dələduzluqda ittiham olunur. Məhkəmə V.Mustafayev barəsində də yanvarın 31-dək həbs qətimkan tədbiri seçib. Nəşrin yazısından o bəlli olur ki, indi Uraldakı Azərbaycan diasporuna rəhbərlik etmək istəyən yeni namizəd ortaya çıxıb.
“SP” yazır ki, yeni iddiaçı Kərim Qasımovun 69 yaşı var. Məlumata görə, K.Qasımov 2014-cü ildən “14 müqəddəs məscid” müsəlman dini qurumuna rəhbərlik edir. O, əvvəllər DİN-də çalışıb, istefada olan polkovnikdir, beş övladı var.
K.Qasımov deyib ki, seçki platformasında azərbaycanlıların birliyinə, Rusiya ilə dostluğa diqqət yetirilib. Onun namizədliyi yaxın vaxtlarda keçiriləcəyi gözlənilən qurultayda müzakirə ediləcək. K.Qasımov nəşrə müsahibəsində deyib ki, hələlik qurultayın vaxtı ilə bağlı danışıqlar davam edir. Güman ki, qurultay gələn ilin yanvarın 5-də ola bilər. “Biz Ural Federal Dairəsi üçün “Azərbaycan-Ural” regionlararası ictimai təşkilatının nizamnaməsini hazırlayırıq” deyə, o bildirib.

K.Qasımov iddia edib ki, Ş.Şıxlınski legitim lider deyildi: “Sadəcə olaraq 100 min azərbaycanlıdan öz məqsədləri üçün istifadə etdilər. Biz isə başqa yol tutacağıq. Biz sülh, dostluq, firavanlıq və birlik istəyirik. Ümid edirəm ki, belə olacaq. Proqramımızı qurultayda bütün iştirakçılarla paylaşacağıq. Məqsədim həm də layiqli gənc liderlər hazırlamaqdır. Mənim övladlarım, nəvələrim burada doğulub. Bura onların vətənidir. Bizim buna başqa cür yanaşmağa haqqımız yoxdur. Mən 50 ildir Uralda yaşayıram. Həmin illərin 35 ilini hüquq-mühafizə orqanlarında çalmışam. Mənim xalqıma, Rusiya xalqına xidmət etməkdən başqa niyyətim yoxdur”. O deyib ki, seçkilərdə rəqibi hələ yoxdur.
Xatırladaq ki, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatlarını itiriblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb.