Mütəxəssislər rəng seçimlərinin təsadüfi olmadığını və insanın düşüncə tərzi barədə mühüm ipucları verdiyini bildirir.
Milli.Az xəbər verir ki, aparılan elmi araşdırmalar göstərir ki, qarderobunda müəyyən rənglərə daha çox yer verən şəxslər planlı, diqqətli və analitik düşüncəyə malik olurlar.
"Frontiers in Psychology" jurnalında dərc olunan və Cənubi Koreyalı alimlər tərəfindən aparılan genişmiqyaslı tədqiqatda 20-60 yaş arası 854 yetkin iştirak edib. Araşdırmada iştirakçıların rəng üstünlükləri ilə idrak tərzi və şəxsiyyət xüsusiyyətləri arasında əlaqə öyrənilib.
Nəticələrə görə, mavi rəng ağıllı və mütəşəkkil düşüncə ilə ən çox əlaqələndirilən rəng kimi önə çıxıb. Mavi rəngi üstün tutan şəxslərin planlaşdırma bacarıqlarının güclü olduğu, uzunmüddətli məqsədlərə fokuslandıqları və problem həllində daha sistemli davrandıqları müəyyən edilib.
Tədqiqatçılar bildirirlər ki, mavi rəng birbaşa zəkanı artırmır, lakin bu rəngi seçən insanların düşüncə tərzi yüksək IQ və analitik bacarıqlarla tez-tez üst-üstə düşür. Bu səbəbdən mavi tonların qarderoblarda geniş yayılması sadəcə estetik seçim deyil, həm də nizamlı və düşünülmüş həyat tərzinin göstəricisi ola bilər.