Quru sərhədlərin açılması məsələsi yenidən geniş müzakirələrə səbəb olub və siyasi gündəmin əsas mövzularından birinə çevrilib.
Milli Məclisin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyevin çıxışı isə məsələyə yeni impuls verib. Deputat bir daha quru sərhədlərin bağlı qalmasının zəruriliyinin artıq olmadığını vurğulayaraq, sərhədlərin açılması məsələsinə yenidən baxılmasını təklif edib.
Qüdrət Həsənquliyev çıxışında bildirib ki, Azərbaycanda həm ictimai, həm də dövlət təhlükəsizliyi yüksək səviyyədə təmin olunub. Onun fikrincə, ölkədə elə bir təhlükəsizlik təhdidi yoxdur ki, sərhədlərin bağlı qalmasını şərtləndirsin:
“Heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz. Ona görə də sərhədlər açılmalıdır ki, Gürcüstandakı və İrandakı azərbaycanlılar öz vətənlərinə rahat gələ bilsinlər”.
Xatırladaq ki, pandemiya dövründən sonra Azərbaycanın quru sərhədləri yalnız xüsusi hallar üçün açıq qalır və bu məsələ artıq bir neçə ildir ki, ictimai müzakirələrin əsas mövzusu olaraq qalır. Həm sosial, həm iqtisadi, həm də humanitar amillər səbəbilə quru sərhədlərin açılması barədə mütəmadi çağırışlar edilir. Xüsusilə Gürcüstan və İran istiqamətlərində yaşayan yüz minlərlə azərbaycanlının ölkəyə rahat gediş-gəlişində mövcud məhdudiyyətlər ciddi çətinliklər yaradır.
Bəs deputatın bu çağırışından sonra quru sərhədlərin yaxın zamanda açılması ehtimalı varmı?
Məlum məsələdir ki, sərhədlərin açılması yalnız parlamentin deyil, həm də hökumətin və təhlükəsizlik strukturlarının qərarından asılıdır. Rəsmi qurumlar isə indiyə qədər sərhədlərin bağlı qalmasının əsas səbəblərini regional təhlükəsizlik, miqrasiya axınının idarə olunması və müəyyən risklərin minimallaşdırılması ilə izah ediblər.
Hazırkı məqamda Gürcüstan və İranla sərhəd bölgələrində vəziyyət ümumilikdə sabit olsa da, regionun geosiyasi dinamikası hər zaman nəzərə alınır. Bu baxımdan belə görünür ki, quru sərhədlərin açılması qərarının yaxın müddətdə verilib-verilməyəcəyi konkret olaraq dövlətin təhlükəsizlik qiymətləndirilməsindən və regional proseslərdən asılı olacaq.
![]()
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:
“Öncə quru sərhədlərin açılması məsələsini yenidən gündəmə gətirdiyinə görə deputat Qüdrət Həsənquliyevə təşəkkür düşür. Biz bu mövzunu dəfələrlə qaldırmışıq və hər dəfə də qeyd etmişik ki, quru sərhədlərin bağlı saxlanılması artıq cəmiyyətin ən ciddi narahatlıq doğuran problemlərindən birinə çevrilib. Həqiqətən də bu, vətəndaşların sosial rifahına, ölkənin iqtisadi aktivliyinə və regionlararası əlaqələrinə təsir edən fundamental bir məsələdir. Bu səbəbdən hesab edirəm ki, illərdir davam edən bu qadağaya birdəfəlik son qoymaq vaxtı çoxdan çatıb”.
İqtisadçı vurğulayıb ki, artıq Azərbaycanın quru sərhədlərinin bağlı qalmasına real, obyektiv, ictimai təhlükəsizliklə izah oluna biləcək heç bir səbəb yoxdur:
“Dövlətimiz kifayət qədər güclüdür, hüquq-mühafizə orqanlarımız, sərhəd və gömrük strukturlarımız müasir standartlarla işləyir və açıq sərhəd rejimi şəraitində ölkənin təhlükəsizliyini təmin etməyə tam şəkildə qadirdir. Əgər regionda yerləşən Gürcüstanda və Ermənistanda sərhədlər tam açıqdırsa, bu ölkələrdə epidemioloji, təhlükəsizlik və ya miqrasiya riski hesab edilmir və açıq sərhəd rejimi adi norma kimi qəbul olunursa, o halda Azərbaycanda sərhədlərin bağlı saxlanılması üçün xüsusi arqumentlərin qalmadığını açıq şəkildə görmək mümkündür.
Eyni zamanda, sərhədlərin uzun müddət bağlı qalması təkcə vətəndaşların hərəkətliliyinə deyil, dövlətin imicinə, beynəlxalq açıqqlığına və iqtisadi cəlbediciliyinə də mənfi təsir göstərir. Turizm sektoru, sərhədyanı ticarət, logistika və xidmət sahələri bu qərardan ən çox zərər görən sferalardır. Son illərdə müşahidə edilən iqtisadi daralma tendensiyalarından biri də məhz sərhədlərin bağlı qalması ilə əlaqədardır. İnsanların gediş-gəlişinin məhdudlaşması, biznes əlaqələrinin zəifləməsi, regional iqtisadi dövriyyənin azalması ölkənin ümumi iqtisadi dinamizminə ciddi şəkildə təsir edir.
Bütün bunları nəzərə alaraq hesab edirəm ki, quru sərhədlərin açılması həm də dövlətin iqtisadi maraqları baxımından strateji zərurətdir. Açıq sərhəd siyasəti həm vətəndaş məmnunluğunu artıracaq, həm iqtisadi aktivliyi canlandıracaq, həm də Azərbaycanın regional mərkəz kimi mövqelərini möhkəmləndirəcək.
Zaman göstərdi ki, bu məsələnin uzadılması heç bir əlavə fayda vermir, əksinə, problemlərin daha da dərinləşməsinə gətirib çıxarır. Ona görə düşünürəm ki, Azərbaycan bu addımı atmağa tam hazırdır”.