"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Bayer Leverkuzen"in "sükanı arxası"nda olduğu dönəmdə 4 dəfə üz-üzə gəldiyi Xabi Alonso ilə yenidən qarşılaşa bilər.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, hazırda son 5 oyunda cəmi 1 qələbə qazanan "Real Madrid"i çalışdıran ispan mütəxəssisin istefaya göndərilməsi gündəmdədir.
Onun "Kral klubu"ndakı taleyini "Mançester Siti" ilə Çempionlar Liqasının 6-cı turu çərçivəsində sabah keçiriləcək görüşün nəticəsi müəyyənləşdirəcək. Alonsonun rəhbərlik etdiyi Madrid təmsilçisi "şəhərlilər"ə boyun əysə, istefa qaçılmaz olacaq. Sabiq yarımmüdafiəçinin "Real"dan ayrılacağı təqdirdə, "Liverpul"da cari mövsüm ümidləri doğrultmayan niderlandlı Arne Slotun yerini tutacağı gözlənilir. İngiltərə mətbuatı "qırmızılar"ın rəhbərliyinin Slota olan inamının itdiyini və Xabini əsas namizəd qismində nəzərdən keçirdiyini iddia edir. Bu isə o deməkdir ki, "Liverpul"u yanvarın 28-də, ÇL-in əsas mərhələsinin son turunda "Qarabağ"a qarşı oyuna Alonsonun çıxarması yetərincə real proqnozdur.