Medianews.az
“Qəsdən edilən pozuntular daha sərt cəzalandırılmalıdır” -
65 baxış

“Qəsdən edilən pozuntular daha sərt cəzalandırılmalıdır” - MÜHÜM ÇIXIŞ

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vüqar Bayramov “Tütün və tütün məmulatları haqqında” qanun layihəsi haqqında danışıb.

Musavat.com-un məlumatına görə, deputat deyib ki, qanunda “tütün məmulatları” anlayışının tərkibində “elektron siqaretlər” və “qızdırılan tütün məhsulları” birgə təqdim olunub:

“Halbuki, həm dünya praktikasında, həm də Azərbaycanda qəbul olunmuş milli standartlara əsasən, bu iki məhsul texniki və funksional cəhətdən fərqli kateqoriyalara aiddir. Bu səbəbdən təklif edirik qanun layihəsindən “qızdırılan tütün məmulatları” ifadəsində “tütün məmulatları” sözü çıxarılsın. Çünki “qızdırılan tütün məhsulu” artıq özlüyündə ayrıca bir anlayışdır və texniki standartlara görə “qızdırıcı cihaz” vasitəsilə istifadə olunur. Bu cihazlar adi tütün məhsullarından fərqli olaraq siqaret deyil və ayrıca hüquqi tənzimləməyə ehtiyac duyur”.

Vüqar Bayramov “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanun layihəsində nəzərdə tutulan dəyişikliklərə münasibət bildirərkən bildirib ki, qanun layihəsinin yeni redaksiyasında yer alan müvafiq maddəyə toxunaraq cərimələrin sabit məbləğlə deyil, differensiallaşdırılmış meyarlar əsasında müəyyən olunmasını mütərəqqi yanaşma adlandırıb.

Deputatın sözlərinə görə, qanunvericilikdə qəsdən ziyan vurulması ilə ehtiyatsızlıq nəticəsində ziyanın vurulması halları cərimə və cəza baxımından fərqləndirilməlidir:

“Qəsdən edilən pozuntular daha sərt cəzalandırılmalı, ehtiyatsızlıq hallarında isə ziyanın miqyasına uyğun cərimələr tətbiq edilməlidir. Bu dəyişikliklər hüquq tətbiqedici orqanlar üçün daha aydın və çevik mexanizmlər yaradacaq, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində məsuliyyətin artırılmasına və laqeydliyə qarşı hüquqi cavab tədbirlərinin gücləndirilməsinə xidmət edəcək”.

Bizə qoşulun