Medianews.az
“Qarabağ” qalib gəlsə... -
2,565 baxış

“Qarabağ” qalib gəlsə... - Turnir cədvəlində vəziyyət

UEFA Çempionlar Liqasının 2025-2026 mövsümünün liqa mərhələsində yarışan Azərbaycan təmsilçisi “Qarabağ” oktyabrın 1-i Bakıda, Tofiq Bəhramov stadionunda Danimarkanın “Kopenhagen” komandasını qəbul edir. Matç saat 20:45-də başlayır.

İlk oyunu Portuqaliya səfərində keçirmiş ağdamlılar “Benfika”nı 3:2 hesabı ilə yenib və hazırda 36 komanda arasında 3 xalla 10-cu yerdədir.

Medianews.az bildirir ki, “Kopenhagen”ə qalib gələcəyi halda “Qarabağ” turnir cədvəlində daha bir neçə pillə irəliləyib liderlər qrupunda möhkəmlənə bilər. İndi yalnız üç komandanın 6 xalı var: “Bavariya” (Almaniya), “Real” (İspaniya), “İnter” (İtaliya).

Səkkiz turluq raundun reqlamentinə görə, ilk 8 pilləni tutanlar birbaşa 1/8 finala çıxır, 9-24-cü yerləri tutanlar 1/16 finalda mübarizə aparır. Xallar bərabər olanda ardıcıllıqla bu meyarlar əsas götürülür: top fərqi, qol sayı, səfərdə qol sayı, qələbə sayı, rəqib meydanında qələbə sayı, komandanın raunddakı rəqiblərinin göstəriciləri (xal, top fərqi, qol sayı), cəza balı (sarı və qırmızı vərəqələr), komandanın reytinqi.

Qalan oyunlara gəlincə, “Qarabağ” İngiltərənin “Çelsi”, Niderlandın “Ayaks”, Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları ilə evdə, İspaniyanın “Atletik”, İtaliyanın “Napoli”, İngiltərənin “Liverpul” komandaları ilə səfərdə görüşəcək.

“Qarabağ” komandası əvvəllər 11 mövsüm klub turnirlərinin əsas mərhələlərində yarışıb.

2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020, 2020-2021 mövsümlərində komanda Avropa Liqasının qrup mərhələsində, 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində, 2024-2025 mövsümündə Avropa Liqasının liqa mərhələsində oynayıb.

2021-2022, 2022-2023 mövsümlərində “Qarabağ” Konfrans Liqasının 1/16 finalına, 2023-2024 mövsümündə Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.

1951-ci ildə Ağdam şəhərində yaradılan “Qarabağ” (“Məhsul”, “Şəfəq”, “Kooperator” adları da daşıyıb) 1 dəfə Azərbaycan SSR-in, 12 dəfə müstəqil Azərbaycanın çempionu olub, 8 dəfə Azərbaycan kubokunu qazanıb.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun