Yeni Zelandiyada 49 yaşlı qadın ölən sevgilisinin meyiti ilə iki həftə yaşayıb.
Medianews.az xəbər verir ki, meyitə təhqir etməkdə ittiham olunan qadının məhkəməsi başa çatıb.
2025-ci ilin yanvar ayında polislər Nelson şəhərətrafı ərazisindəki bir evdən edilən zənglə gəlib. Söhbət əsnasında ev sahibi qəfildən on illik sevgilisinin bir neçə həftə əvvəl vəfat etdiyini bildirib. Daha sonra qadın onun ikinci mərtəbədəki terrasda uzandığını deyib.
Polislər orada pərdə ilə örtülmüş meyiti aşkar ediblər. Kişinin şəxsi əşyaları ətrafa səpələnmiş vəziyyətdə idi.
Qadın sevgilisinin ölümündən sonra niyə təcili yardım və ya polis çağırmadığı sualına cavab verə bilməyib. O, saxlanılıb və dindirildikdən sonra tibbi müayinəyə göndərilib.
Araşdırma və psixiatrik qiymətləndirmədən sonra məhkəmə qadının atipik psixozdan əziyyət çəkdiyinə və cəza əvəzinə məcburi müalicəyə ehtiyac duyduğuna qərar verib. Hadisə baş verən zaman onun özündə olmadığı müəyyən edilib.
Hakim Harri Barkl qərarında qeyd edib ki, təqsirləndirilən şəxsin hərəkətlərində heç bir pis niyyət və ya sui-istifadə yoxdur. O, könüllü olaraq müalicə alır və mütəxəssislərin fikrincə, vəziyyətində əhəmiyyətli irəliləyiş müşahidə olunur.
Medianews.az