Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib.
Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında keçirilən görüşdə tərəflər 3 saatdan çox danışıq aparıblar.
Görüşdən əvvəl Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında deyib ki, Trampın Zelenski ilə görüşündən əvvəl Putinin növbəti dəfə Trampla telefonda danışması bu prosesi pozmağa hesablanıb: “Putinlə Trampın həmin telefon söhbəti bir saat çəkib. Bu telefon danışığında məqsəd Trampa yeni vədlər verib Zelenski ilə hər hansı razılaşmanı qabaqcadan pozmaq olub. Oktyabr ayında Zelenski ABŞ-yə səfər edəndə Trampın xüsusi nümayəndəsi Uitkoff Putinə məsləhət görmüşdü ki, Zelenski Ağ evə çatmamış Trampa zəng etsin. Məhz Putinin o zənginə görə Zelenskinin Trampla danışıqları nəticəsiz bitmişdi. Hazırda eyni proses baş verir. Putin Trampın siyasi qərarlarına kifayət qədər təsir edə bilir. Bu işdə ona Uitkoff da kömək edir”.
M.Əsədullazadənin fikrincə, Putin Trampla Zelenskinin razılaşmaya gəlməsinə imkan vermir: “Görünür, bu danışıqların da nəticəsi olmayacaq. Çünki Tramp yenidən Putinlə yaxşı söhbət etdiyini vurğulayıb. Digər tərəfdən Putin Kiyevə durmadan ballistik raketlərlə zərbələr endirir.
Ukrayna ilə danışıqların taleyi Trampın kürəkəni Kuşnerdən və Rusiyanın lobbiçiliyini edən Uitkoffdan asılı olacaqsa, Moskvanın mövqeyi güclənəcək.
Qeyd edim ki, dövlət katibi Rubio danışıqlar prosesindən uzaqlaşdırılıb. Çünki onun mövqeyi Ukraynanın müdafiəsinə hesablanıb. Pentaqon da bu danışıqlarda iştirak etmir.
Siyasətə aidiyyəti olmayan, öz biznes maraqlarına xidmət edən üç nəfər Moskva ilə danışır. Putinə də bu üçlük sərf edir.
Ukraynanı bu ticari sövdələşmələrdən Böyük Britaniya və Avropa İttifaqı azad edə bilər”.
Nailə Qasımova,
Medianews.az