Medianews.az
Putinin 150 il yaşamaq iddiası gerçəkləşir -
64 baxış

Putinin 150 il yaşamaq iddiası gerçəkləşir - layihə işə başladı

Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Serqe­yev rusların orta ömür müddətini 120 ilə qədər artırmağı hədəfləyən yeni layihənin hazırlandığını bildirib. Onun sözlərinə görə, erkən monitorinq və profilaktik yanaşmalar sayəsində insanın aktiv ömrünü əhəmiyyətli dərəcədə uzatmaq mümkündür. Bu məqsədlə hazırlanmaqda olan “Rəqəmsal Sağlamlıq Profili” layihəsi müasir biotibbi markerlərdən istifadə etməklə xəstəliklərin vaxtında aşkarlanmasına və sağlamlığın davamlı monitorinqinə imkan verəcək. Akademik vurğulayıb ki, xəstəliklər birdən-birə yaranmır və kifayət qədər məlumat toplandıqda onların başlanğıcını gecikdirmək mümkündür. Burada söhbət insanın “rəqəmsal surətinin” yaradılmasından deyil, sağlamlığın fasiləsiz qiymətləndirilməsi üçün innovativ rəqəmsal və biotibbi texnologiyalardan istifadə edilməsindən gedir.

Araşdırmalar göstərir ki, insanların təqaüdə çıxdıqdan sonra keçirdikləri ilk il xüsusilə təhlükəli olur – məhz bu dövrdə ölüm riski nəzərəçarpacaq dərəcədə artır. Uzunömürlülük üzrə mütəxəssis Den Buettner bunun psixoloji və həyat tərzindəki kəskin dəyişikliklərlə bağlı olduğunu qeyd edir.

Xatırladaq ki, noyabr ayında Rusiya Prezidenti Vladimir Putin ölkədə orta ömür müddətinin artırılmasının əsas prioritetlərdən biri olduğunu bildirmiş, “AI Journey–2025” konfransında elmin və tibbin inkişafı fonunda insanların gələcəkdə daha uzun yaşaya biləcəyini vurğulamışdı. O, zarafatla ömrün 150 ilə qədər uzadıla biləcəyini də əlavə etmişdi. Prezidentin sözlərinə görə, bu istiqamətdə aparılan tədqiqatlar təkcə ömrün uzadılmasına deyil, həm də həyat keyfiyyətinin yüksəldilməsinə yol aça bilər.

İnsanın ömrünü bu formada uzatmaq mümkündürmü? Nə kimi risklər ola bilər?

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı Musavat.com-a bunları dedi:

ZÜLFÜQAR YUSİFOV İNVAZİV AĞRI MÜTƏXƏSSİSİ, WİP, WAPMU, AVLS, ASRA ÜZVÜ | Azərbaycan Tibb Ensiklopediyası

“İnsan ömrünün uzanması problemi insan yarandığı gündən aktualdır. Son illər buna diqqət artırılıb. Bu istiqamətdə aparılan araşdırmalarda pozitiv məqamlar olur. İnkişaf etmiş ölkələrdə ömrün uzanması statistikaları vardır. Əslində insan ömrünün uzanması o qədər asan şəkildə həll olunan bir problem deyil. Baxmayaraq ki, insanın 120–150 il yaşamaq potensialı olduğu qeyd edilir, amma insanın həm ekosistemdə, həm mövcud olduğu makrosistemdə yaşadığı zaman, xüsusən də bu inkişaf etmiş dünyada üzləşdiyi problemlər, situasiyalar, həm ekosistem, həm ətraf, bütün digər faktorlar — hamısı bir yerdə onun bu yolu davamlı və uğurlu şəkildə gedib uzun yaşayacağına hər zaman maneələr törədə bilir.

Adicə ictimai nəqliyyatdan istifadə etməyimiz — bu nəqliyyat növündən istifadə həyatda məmnuniyyət yaratdığı kimi, həm də ömrün qısalmasına səbəb ola biləcək faktorlardan biridir. Yaxud, günümüzdə sənayenin inkişafını nəzərdən keçirsək, yenə müəyyən məmnuniyyətlər yaradır, amma bir tərəfdən də ekoloji sistem pozulur, hava və sairə çirklənir və müxtəlif problemlər ortaya çıxır. Qida ilə bağlı məsələlərə də diqqət etsək, görərik ki, ortaya çıxan süni qidalar, geni dəyişdirilmiş məhsullar və s. müxtəlif problemlər yaradır.

Burada davamlı olaraq insanın statusunun bioloji dəyərləndirilməsi məsələsi qeyd edilir. Əlbəttə ki, bu olduqca aktualdır. Ümumiyyətlə, insan anadan olandan onun bütün parametrlərinin davamlı sistemə oturdulması, genetik xəritəsinin öyrənilməsi və davamlı olaraq yaşadığı ətraf mühitin, iş mühitinin, sosial mühitinin onun həyatına nə qədər təsir etdiyi araşdırıla bilər və buna uyğun yol xəritəsi davamlı şəkildə korrektə oluna bilər. Necə olur? Məsələn, dünyada tanınmış insanların və yaxud ölkə başçılarının həyatına qismən tətbiq olunan metodikalar var. Onlardan bütün müayinələr və nümunələr davamlı olaraq götürülür, araşdırılır və müəyyən tövsiyələr verilir. İnsanın bütün ifrazat materialları, qan nümunələri, tüpürcək nümunələri vaxtaşırı, daha yaxın intervallarla yoxlanılır, meydana çıxa biləcək patologiyalar əvvəlcədən görülə bilər. Əlbəttə, bütün bunlar insanın ömrünü uzatmağa xidmət edə bilər. Amma bununla yanaşı, sosial həyatın təsirləri var. İnsanlar təqaüdə çıxdıqda daha az yaşayırlar, çünki sosial aktiv olmurlar, həyat eşqi azalır”.

Həkim qeyd edir ki, süni intellektin ortaya çıxması bu məsələdə yeni eranın başlaması deməkdir: “Süni intellektin inkişafı yeni mərhələnin başlanmasına təsir edə biləcək ciddi bir faktor kimi qiymətləndirilə bilər. Çünki süni intellekt nəticəsində artıq biliklərimizin toplanması, cilalanması və onun lazımlı hissələrinin gələcək nəsillərə ötürülməsi imkanı yaranır. Olduqca böyük dataların və göstəricilərin eyni zamanda təhlil olunaraq optimal nəticələrin çıxarılması və bu prosesin həllinə yönəldilməsi imkanlarımız var. Məhz süni intellektin yaranması, davamlı nəzarət və davamlı araşdırma mexanizmləri, həmçinin insanların bir-biri və mühitlə əlaqələri əsasında öz daxili potensialına və bioloji tələblərinə uyğun necə yaşamasını optimallaşdırmaq, yaşam şərtlərini uzun ömürlə uyğunlaşdırmaq üçün proqramların hər bir insan üçün bəlkə də yaxın gələcəkdə hazırlanmasını mümkün edəcək.

Bütün bunların olduğu şəraitdə, müasir tibbi bilikləri və süni intellekt imkanlarının inteqrasiyasını daha da inkişaf etdirərək, fərdi nəzarəti, fərdi tibbi nəzarəti, profilaktik nəzarəti, həmçinin genetik, bioloji və psixoloji faktorların hər birini ayrı-ayrılıqda və birlikdə dəyərləndirmək mümkün olacaq. Bu, fərdin həyat imkanlarını və yaşam tərzini nəzarətə götürmək üçün fürsət yaradacaq və bu nəzarət fərdi uzun müddət həyatda saxlamağa kömək edə bilər”.

Bizə qoşulun