Rusiya və Ukraynanın xüsusi xidmət orqanları hətta ən gərgin dövrlərdə belə bir-biri ilə əlaqəni kəsməyib.
Musavat.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitindən sonra mətbuat konfransında bildirib.
Putinin sözlərinə görə, hazırda da Moskva və Kiyev xüsusi xidmətlərinin nümayəndələri Əbu-Dabidə humanitar məsələləri, o cümlədən hərbi əsirlərin mübadiləsini müzakirə edirlər.
Prezident deyib ki, tərəflər arasında dialoq üçün Əbu-Dabi platforması istifadə olunur.
Rusiya lideri həmçinin açıqlayıb ki, noyabrın 25-də Əbu-Dabidə planlaşdırılan Rusiya-Ukrayna xüsusi xidmətləri görüşünə ABŞ nümayəndəsinin qatılması Moskva üçün “gözlənilməz” olub. Putinin sözlərinə görə, o, bu barədə yalnız Bişkekə eniş etdikdən sonra məlumat alıb.
Putin deyib ki, həmin gün (25 noyabrda) Ukraynanın təşəbbüsü ilə xüsusi xidmət xətti üzrə keçirilən görüşdə FSB rəhbərlərindən biri də iştirak edib:
“Bu görüşə ABŞ administrasiyasının nümayəndəsi də gəldi. Bu, bizim üçün müəyyən qədər gözlənilməz idi, amma biz heç vaxt təmasdan imtina etmirik. Mən Rusiya nümayəndəsi ilə əlaqə saxladım və sual verdim ki, bəlkə təmasları davam etdirmək üçün gələn həftəyə qədər gözləməli deyilik, əksinə, bu həftə Moskvada görüş keçirək”.
“Axios”un mənbəsinə görə, Ukrayna nümayəndə heyətinə ölkənin Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov başçılıq edib. Elə həmin gün Əbu-Dabiyə ABŞ-ın Ordu naziri Den Driskoll da gedib. Media yazır ki, Pentaqon nümayəndəsinin gəlişi “hər iki tərəfin planlarını dəyişib” və onun səfərinin məqsədi ABŞ-ın Ukrayna üzrə “sülh planı”nı müzakirə etmək olub.