Medianews.az
Prezidentin Protokol Xidməti ilə bağlı bir sıra qərarlara dəyişiklik edildi
112 baxış

Prezidentin Protokol Xidməti ilə bağlı bir sıra qərarlara dəyişiklik edildi

Nazirlər Kabineti Prezident İlham Əliyevin 2025-ci il 23 may tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin fəaliyyətinin təşkili məqsədilə bəzi normativ hüquqi aktlara dəyişikliklər edib.

Medianews.az xəbər verir ki, qərar bir neçə istiqaməti əhatə edir.

Dövlət orqanlarının ad siyahısına dəyişiklik

Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının və onun bölmələrinin adları” sənədinə yeni qurumun – Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin adı əlavə edilib.

VİP zallarından istifadə qaydalarına əlavələr

2021-ci il 29 oktyabr tarixli 322 nömrəli qərara edilən dəyişikliklərlə hava limanlarında VİP və rəsmi nümayəndə heyətləri zallarından istifadə hüququ olan şəxslərin siyahısı genişləndirilib.

Dəyişikliklərə əsasən:

  • Siyahıya yeni bənd əlavə olunaraq Prezidentin Protokol Xidmətinin rəisi və onun ailə üzvlərinə VİP zalından istifadə hüququ verilib.
  • Protokol Xidmətinin rəis müavinləri və şöbə müdirləri də bu kateqoriyaya daxil edilib.
  • Həm Azərbaycan rəsmilərinin, həm də xarici dövlət və beynəlxalq təşkilat nümayəndələrinin siyahısında Protokol Xidmətinin rəisinin adı xüsusi qeyd olunub.
  • VİP zallardan istifadə Qaydalarına da müvafiq əlavələr edilib.

Elektrik təminatında istisna siyahısına yeni maddə

Nazirlər Kabinetinin 2024-cü il 2 may tarixli qərarına əsasən, elektrik gücü çatışmadığı hallarda məhdudiyyət tətbiq olunmayan obyektlərin siyahısına yeni bənd daxil edilib. Bundan sonra Prezidentin Protokol Xidmətinin inzibati binası elektrik enerji məhdudiyyətlərindən azad edilən obyektlər sırasında olacaq.

Qərar artıq qüvvəyə minib və aidiyyəti qurumlara icra üçün göndərilib.

Medianews.az

Bizə qoşulun