“Prezident İlham Əliyevin yanvarın 26-da rəqəmsal sahə ilə bağlı imzaladığı 4 fərman və 1 qanun ölkəmizin rəqəmsal mühitini həm daha səmərəli, həm də daha təhlükəsiz etmək məqsədi daşıyır”. Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, bu qərarlar dövlət xidmətlərində şəffaflığı artırmaqla yanaşı, internet məkanındakı mənfi hallara qarşı konkret hüquqi mexanizmlər yaradır: “İnzibati Xətalar Məcəlləsinin 524.2-ci maddəsinə edilən dəyişiklik xüsusi diqqət çəkir. Artıq internet resursları və sosial media platformaları vasitəsilə fahişəliklə məşğul olmağa açıq çağırışlar edilməsi və ya bu məqsədlə sövdələşmələrin aparılması birbaşa inzibati məsuliyyət yaradır. Bu o deməkdir ki, kiberməkan artıq hüquqi boşluq olan zona deyil; dövlət rəqəmsal mühitdəki etik və hüquqi normaları qorumaq üçün nəzarət rıçaqlarını gücləndirir. Digər tərəfdən, imzalanan 4 fərman dövlət qurumlarının rəqəmsal bazalarının bir-birinə tam inteqrasiyasını və vətəndaşların xidmətlərə daha sürətli, "vahid pəncərə" prinsipi ilə çıxışını təmin edir.
İnternetdə qanunsuzluğa yer yoxdur. İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklə sosial media üzərindən qeyri-etik çağırışlar və sövdələşmələr artıq konkret qanuni məsuliyyət və cərimə yaradır. Rəqəmsal məkan artıq daha ciddi nəzarətdədir.
Prezidentin imzaladığı fərmanlar dövlət xidmətlərinin elektronlaşmasını sürətləndirir və tam elektronlaşmanı hədəfləyir. Məqsəd sənəd işlərini azaltmaq və hər bir vətəndaşın işini bir toxunuşla həll etməsinə şərait yaratmaqdır.
Kibertəhlükəsizlik prioritetdir. Dövlət başçısının qərarları həm fərdi məlumatlarımızın qorunması, həm də internet mühitindəki mənfi təsirlərin qarşısının alınması məsələlərinin prioritet götürüldüyünü təsdiqləyir”.
Nailə Qasımova,
Medianews.az