Medianews.az
Orta pensiyası artırılan
49 baxış

Orta pensiyası artırılan keçmiş nazirlərin pulu imiş

2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın 590 manata və yaşa görə orta aylıq pensiyanın 629 manata çatacağı gözlənilir. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 575 manata çatıb. 

Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir. Eyni zamanda, gələn il pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manata çatacaq ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir. 

Orta aylıq pensiyanın artacağı ilə bağlı rəqəmlər indeksasiyanı əhatə edir? 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Cebheinfo.az”-a qeyd edilən fikirləri təsdiqləyiblər. İqtisadçı-ekspert Əkrəm Həsənov isə bildirib ki, burada söhbət rəsmi pensiya artımı deyil, orta aylıq pensiyadan gedir: 

“Yəni indeksasiya olacaq və onun əsasında ölkə üzrə orta aylıq pensiya qalxacaq. Orta statistik pensiyadan danışanda nəzərə almalıyıq ki, ölkədə xeyli sayda keçmiş nazirlər var və onların pensiyası çox yüksəkdir. Yəni o pensiyalar da qalxdıqda, orta göstəricini artırır. Burada söhbət minimal pensiyadan deyil, orta pensiyadan gedir. Bu da proqnoza görə belədir”. 

Ekspert deyib ki, hər bir halda qiymət artımı daha çoxdur: 

“Orta statistik belədir ki, bütün pensiya məbləğlərini toplayıb təqaüdçülərin arasında bölürlər. Bildirirlər ki, bu da ölkə üzrə orta pensiyadır”.

Bizə qoşulun