Azərbaycanda 100 manatlıq pul nişanının yenilənmiş variantı tədavülə buraxılır.
Mərkəzi Bankdan Medianews.az-a verilən məlumata görə, yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanı iyulun 15-dən tədavüldə olacaq.

Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri kimi üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.
Yenilənmiş 100 manatın üzərində Mərkəzi Bankın sədri Taleh Kazımovun imzası əks olunub və imza ön tərəfdə sol yuxarı küncdə yerləşir.
Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanıb.
Yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.