" "Bəxt üzüyü" filmini izləmirəm. Mən ümumiyyətlə özüm olan nələrisə izləməyi sevmirəm. Aktyoram, insanam. Mən də xoşlayırdım ki, öz adımla yadda qalım. Mənim də arzularım var idi. Valeh pis ad deyildi ki. Çox adam adımı bilmir, amma obrazın adıyla "Moşu" deyə çağırırlar. İnsanın öz adı ona doğma gəlir. O qədər "Moşu" dedilər ki, bu adı da mənə doğmalaşdırdılar".

Bunu Medianews.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib.
O daha sonra mərhum aktrisa, tərəf müqabili Firəngiz Rəhimbəyovadan danışıb:
" "Bəxt üzüyü 2" filmində Firəngiz Rəhimbəyova ilə birgə çəkildim. Yaxşı ki, onunla sonuncu dəfə tərəf müqabili oldum. Gözəl xanımlar görürsən ki, hər kəsə yuxarıdan aşağı baxır. Amma onda elə xüsusiyyət yox idi. Qətiyyən paxıl, qısqanc, kinli insan deyildi. Çox gözəl xanım idi. Dəniz səhnəsində nə qədər insan izləyirdi, gözəlliyinə heyran idilər. Bu səhnələr bir neçə dubla çəkilmişdi. Hamı ona vurulmuşdu. Elə mən də. Mən insan deyiləm ki? (gülür). O vaxt arvadın yanında deyə bilməzdim. İndi deyirəm. Əlbəttə ki, zarafatdır. Çünki mən aktyoram, ailə həyatı qurduğum xanım da bilirdi ki, bu mənim sənətimdir və hər bir gözəl aktrisa tərəf müqabilim ola bilər. Bizim əsas açar səhnəmiz var, birinci o səhnəni çəkdik. Bu sınaq çəkilişləri idi. Elə gözəl və inandırıcı oynamışdıq ki, dedilər ki, təsdiqləndiz. Bu rol Firəngizə çox yaraşırdı. Amma ölüm ona yaraşmadı. Heyf, çox heyf".

Xalq artisti əksər gənc aktyorların kitab oxumadığını bildirib:
"Nə kitab oxuyan var, nə də kitabla maraqlanan. Mən Mingəçevir teatrındakı akyorlardan soruşurdum ki, arzuladığınız rol var? Aktyorun arzuları olar da. Mənim bu yaşda belə arzularım var. Amma görürdüm ki, aktyorlar laqeyddirlər. Bu laqeydlik çox pis şeydir. Özlərinə ziyan vururlar. Hər şeyi taleyin yazısına bağlamaq düzgün deyil. Aktyorların arzuları tükənməməlidir. Aktyor yeri gələndə rejissora deməlidir ki, filan rolu arzulayıram, bəlkə bunu mənimlə işləyəsiz? Gənclərdə bunu görmədim".
Əli Əsgər,
Medianews.az
