Medianews.az
“O olmasın, bu olsun”da Sərvərin başına salınan örtük
46 baxış

“O olmasın, bu olsun”da Sərvərin başına salınan örtük kimin olub?

Hamımızın sevərək izlədiyi "O olmasın, bu olsun" filmində Sərvərin başına salınan örtüyün sahibi kim olub?

Medianews.az bildirir ki, bununla bağlı feysbuk şəbəkəsində maraqlı tarixçə verilib.

Bildirilir ki, örtük əslən Bakının Sabunçu kəndindən olan Balacaxanım Məlikovaya məxsus olub.

Qeyd edilir ki, İçərişəhərdə o vaxtlar Qoşa qala tərəfdə Ələkbərov qardaşlarının dükanları varmış. Dükanda gəlinlik əşyalar - kəllə qənd, xonçalar və baş örtükləri satılarmış.

Balacaxanım Məlikova gəlin köçəndə oğlan evi ona Ələkbərov qardaşlarının dükanından 12 ədəd xonçalıq və sonralar filmdə Sərvərin başına salınan zərxara örtüyü alıblar.

Beləliklə, örtük Balacaxanım Məlikovanın gəlinliyi olub. Amma istifadə olunanda uc hissəsi azacıq yanıbmış.

İkinci Dünya müharibəsi dövründə, aclıq illərində Balacaxanım Məlikova gəlinlik cehizi olan əşyaları satmaq qərarına gəlib. İndiki Sabunçu Cümə məscidi o illərdə lombard kimi fəaliyyət göstərirmiş. Balacaxanım Məlikova 12 ədəd boğçanı və örtüyü həmin lombarda verib ki, əvəzində pul alsın. Lombardda boğçaları alıblar, ancaq örtüyün uc hissəsi yandığından onu götürməyiblər. Nəticədə örtük Balacaxanım Məlikovanın özünə qaytarılıb.

"O olmasın, bu olsun" filmi çəkiləndə əslən Sabunçu kəndindən olan operator Mirzə Baxış Mustafayev örtüyü müvəqqəti olaraq Balacaxanım Məlikovadan götürüb və filmin çəkilişində istifadə edib.

 Medianews.az

Bizə qoşulun