Medianews.az
O, nə Beyrək idi, nə də Davud -
48 baxış

O, nə Beyrək idi, nə də Davud - o, aktyor Rasim Balayev idi

Əslində yaşına görə Rasim Balayev haqqında “vaxtsız vəfat etdi” ifadəsi işlətmək düzgün deyil, sənətkarın 78 yaşı vardı. Amma bu cür yaradıcı, parlaq sənətçilər neçə yaşda olur-olsun, aramızdan gedirsə, vaxtsız vəfat etmiş, yeri dolmaz itki sayılır.

Onun haqqında "əsl qiymətini sağlığında almadı” demək də mümkün deyil. Rasim Balayev hələ 28 yaşında “Əməkdar artist” adı almışdı, 1982-ci ildən “Xalq artisti” idi. Aktyorun orden-medal qalereyasında ölkənin ən prestijli ordenləri var: “Şöhrət”, “Şərəf”, “İstiqlal” və s. O, 21 il idi ki, fərdi təqaüdçü idi. Yəni maddi sıxıntısı yox idi.

Ancaq son illərdə Rasim Balayevə qarşı yersiz hücumlar, onun canını incidən, sənətinə küsdürən söz-söhbətlər oldu.

Nə qədər yazılar yazdıq, bu fani dünyada belə sənətkarların qədrini bilməyin, onları yersiz yerə incitməməyin lazım olduğunu dedik, xeyri olmadı. Siyasi ehtiraslar, cılız intriqalar üstün gəldi.

Budur, Rasim Balayev həyatda yoxdur, özüylə heç nə aparmadı, hər şeyini – tutduğu postu, aldığı orden-medalları, mükafatları, qazandığı şan-şöhrəti burada qoyub getdi.

Təkcə Rasim Balayev deyil, son illərdə ömrünün qürub çağını yaşayan yazıçı-şairlərin, musiqiçilərin, aktyorların, başqa sənət adamlarının barəsində xoşagəlməz ifadələr işlədənlər, onların siyasi mövqelərini ağır dillə tənqid edənlər var. Hələ, öz təbirlərincə desək, onların “istedadsızlıqlarını ifşa edənlər” də peyda olub.

Adamlar ömürlərinin 50+ ilini ölkənin ədəbiyyatını, mədəniyyətini, incəsənətini zənginləşdirməyə sərf edir, ortaya ədəbi əsərlər, musiqi parçaları, filmlər qoyur, bir gün 20-25 yaşlı gənclər çıxıb deyirlər, bunlar sənət əsərləri deyil, makulaturadır, mənasız süjetlərdir, lazımsız şeylərdir.

Onların dediklərini, yazdıqlarını ciddiyə alsaq, belə çıxır ki, 21-ci əsrin bu gününə qədər bizimkilər hələ düz-əməlli roman, şeir yazmayıblar, opera-balet yaratmayıblar, teatır tamaşaları ərsəyə gətirməyiblər, film çəkməyiblər və s.

Əlbəttə, elə deyil. Azərbaycan xalqının oğulları son 120 ildə çox ilklərə imza atıb, ortaya parlaq mədəniyyət, incəsənət, ədəbiyyat əsərləri qoyublar. Bu, bir şərq ölkəsinin boyundan hündürə atılması deməkdir.

Rasim Balayev parlaq rollar oynamışdı: “Nəsimi”, “Babək”, “Beyrək”...

Təkcə qəhrəman rolları deyildi, başqa rolları da vardı: “Gəncəbasarlı qisasçı”da “Əziz”, “Otel otağı”nda “Sədiyar”, “Həm ziyarət, həm ticarət”də “Davud” və s.

Biz ondan, rol oynayan aktyordan Nəsimi kimi olmağı, dissidentlik etməyi tələb edirdik. İstəyirdik ki, o, Babək olsun, üsyançılara rəhbərlik etsin, Beyrək kimi xalq yolunda canını fəda etsin.

Bu, bir ahıl aktyorun öhdəsindən gələ bilməyəcəyi tələblər idi və Rasim Balayev bunu edə bilmirdi. Belə olanda biz onu “satqın Əziz”lə, “konyukturçu Sədiyar”la, “fırıldaqçı Davud”la müqayisə edirdik. Edirdik və onun qəlbini qırırdıq.

Bu məsələ ilə bağlı başqa sənətkara aid olan bir epizod da var: bir dəfə tanınmış köşə yazarlarından biri Qədir Rüstəmovun oxu tərzi haqqında yarızarafat-yarıgerçək tonda “zarıyır” ifadəsi işlətmişdi. Sözgəlişi bir ifadəydi. Amma o yazıdan təxminən 10 gün sonra telekanallardan birində Qədir Rüstəmovdan sənəti ilə bağlı müsahibə alan reportyora xanəndə incik halda belə bir söz dedi: “Oxumaq deyəndə, nə oxumaq? Mən oxumuram ki... Mən zarıyıram”.

Demək, köşə yazarının həmin cümləsini kimsə sənətkara servis edib və bu, onun qəlbinə toxunub.

Rasim Balayev istedadlı olmaqla yanaşı, elə bir fakturaya sahib idi ki, o, mütləq parlaq aktyor olacaq, şöhrət qazanacaqdı. O, səhnə üçün, kino lentlərində əbədi yaşamaq üçün doğulmuşdu.

Əsl qiymətini sonradan alan, qədirləri vəfat edəndən sonra bilinən bir çox sənətkarlardan (Fuad Poladov, Səməndər Rzayev, Yusif Vəliyev, Fazil Salayev və b.) fərqli olaraq, o, yuxarıda dediyimiz kimi, zamanında sənətinin maddi dəyərini almışdı, amma qədri hələ bir müddətdən sonra bilinəcək.

Ondan bizə qalan isə “Nəsimi” filmində səsləndirdiyi “Hardasan” qəzəlinin qiraəti, bir də xüsusi gözəlliklə tələffüz etdiyi replikalar (“Amma Babəkin oğlu sağ qaldı”, “Mən Qazandan dönmərəm”, “Mən kövrək deyiləm, dərviş, sınmaram”) oldu.

Xalid KAZIMLI 

Bizə qoşulun