Demək olar ki, hər gün fərqli ərazilərdə “meyit tapılıb” xəbərləri gündəmə gəlir. Bəzən bu cür hallara gizli və diqqətdən kənar yerlərdə — zirzəmilərdə və ya söküntü sahələrində rast gəlinir. Bəzən isə meyit elə hamının görə biləcəyi açıq məkanlarda aşkar olunur. Bəs bu kimi ölümlər əsasən hansı amillərlə əlaqələndirilir?
Kriminalist Teymur Baloğlanov Metbuat.az-a açıqlamasında bildirib ki, diqqətdən kənar gizli yerlərdə, zirzəmilərdə, söküntüsü aparılan yaşayış evlərində və bu kimi məkanlarda meyit aşkar edildikdə, hüquq-mühafizə orqanları və onların səlahiyyətli şəxsləri, müstəntiqlər ilk olaraq ölümün zorakılıq, bədbəxt hadisə və ya təbii səbəbdən baş verib-vermədiyini müəyyənləşdirməyə çalışır, həmçinin ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi ilə məşğul olurlar:

“Müəyyən istisnalarla, bir qayda olaraq, belə yerlərdə aşkar edilən meyitlər daimi yaşayış yeri olmayan, dilənçiliklə məşğul olan, narkotik və ya spirtli içki aludəçisi olan şəxslərə məxsus olur və bu, onların həyat tərzi ilə bağlıdır”.
T.Baloğlanov bəzi hallarda bu cür ölümlərin qəsdən adam öldürmə cinayətləri ilə də əlaqəli ola biləcəyini vurğulayıb:
“Bəzən meyitin tapıldığı yer cinayətin baş verdiyi yer olmur. Bu isə cinayətkarın cinayəti gizlətmək və ya onun aşkar edilməsini çətinləşdirmək məqsədi güddüyü hallarda baş verir”.