Medianews.az
Mühakimə dəstəsi:
69 baxış

Mühakimə dəstəsi: proseslər nə yerdədir?

Bakı Hərbi Məhkəməsi ağır cinayətlərdə (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma; soyqırımı; əhalini məhvetmə; əhalini deportasiya etmə və ya məcburi köçürmə və s.) ittiham olunan ermənilərin işi üzrə iki proses aparır.

Medianews.az bildirir ki, Ruben Vardanyan tək mühakimə olunur. Proses zərərçəkmişlərin ifadələri mərhələsindədir.

Ruben Vardanyan 1968-ci ildə doğulub. Ermənistanlıdır. Rusiyanın sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınıb, milyarderdir. 2022-ci il sentyabrın 1-də Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət etdiyini, Qarabağa köçdüyünü açıqlayıb, noyabrın 4-də işğalçı rejimin “dövlət naziri” (hökumət başçısı) təyin olunub, dekabrın 22-də Rusiya vətəndaşlığından çıxarılıb. 2023-cü il fevralın 23-də “dövlət naziri” postundan götürülüb.

2023-cü il sentyabrın 27-də tutulub.

Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutunyan, David İşxanyan, David Babayan, Levon Mnasakanyan, David Manukyan və başqa 8 nəfərin mühakiməsi sona çatmaq üzrədir. Dövlət ittihamçıları Araik Arutunyan, David İşxanyan, David Babayan, Levon Mnasakanyan və David Manukyana ömürlük azadlıqdan məhrumetmə cəzası, Arkadi Qukasyan və Bako Saakyana 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası, qalan şəxslərə 16-20 il arası azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.

Arkadi Qukasyan 1957-ci ildə doğulub. Qarabağlıdır. 1992-ci ildə işğalçı Qarabağ rejiminin “parlamentinə” seçilib, həmin ildən “Dövlət Müdafiə Komitəsi”nin rəhbərliyində təmsil edilib, 1993-cü ildən “xarici işlər naziri” postunu tutub. 1997-2007-ci illərdə rejimin “prezidenti” olub, 2009-2018-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri kimi fəaliyyət göstərib.

2023-cü il oktyabrın 3-də tutulub.

Bako Saakyan 1960-cı ildə doğulub. Qarabağlıdır. 1990-cı ildən separatçıların qanunsuz hərbi birləşmələrində məsul vəzifələr tutub. 1997-1999-cu illərdə Ermənistanın daxili işlər və milli təhlükəsizlik nazirinin köməkçisi vəzifəsində çalışıb. 1999-cu ildən işğalçı rejimin “daxili işlər naziri”, 2001-ci ildən “Milli Təhlükəsizlik İdarəsinin rəisi”, 2007-2020-ci illərdə “prezidenti” olub.

2023-cü il oktyabrın 3-də tutulub.

Araik Arutunyan 1973-cü ildə doğulub. Qarabağlıdır. Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısıdır. 2007-2017-ci illərdə Qarabağ rejiminin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri”, 2020-2023-cü illərdə “prezidenti” olub.

2023-cü il oktyabrın 3-də tutulub.

David İşxanyan 1968-ci ildə doğulub. Qarabağlıdır. Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır, 1992-1995-ci illərdə Martuni (Xocavənd) batalyonlarının birinə komandirlik eləyib. 1991, 2015 və 2020-ci illərdə Qarabağ rejiminin “parlamentinə” üzv seçilib, 2023-cü il avqustun 7-də “sədr” vəzifəsinə mandat alıb, sentyabrın 1-dən 9-dək “prezident” səlahiyyətlərini icra edib.

2023-cü il oktyabrın 3-də tutulub.

David Babayan 1973-cü ildə doğulub. Qarabağlıdır. İşğalçı rejimdə müxtəlif məsul postlar, o cümlədən “prezident köməkçisi, müşaviri” vəzifələri tutub, 2021-2023-cü illərdə “xarici işlər naziri” olub.

2023-cü il sentyabrın 29-da tutulub.

Levon Mnasakanyan 1965-ci ildə doğulub. Qarabağlıdır. Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır. İşğalçı rejimdə “müdafiə nazirinin müavini”, “Müdafiə Ordusunun Baş Qərargah rəisi” vəzifələri tutub, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini olub. 2015-2018-ci illərdə işğalçı rejimin “müdafiə naziri” postunda xidmət edib.

2023-cü il sentyabrın 29-da tutulub.

David Manukyan 1971-ci ildə doğulub. Ermənistanlıdır. İşğalçı rejimdə “müdafiə nazirinin birinci müavini” postunda xidmət edib.

2023-cü il sentyabrın 27-də tutulub.

Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Qarabağda separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.

2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.

Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.

2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə birgə bəyannamə imzalayıb sülh öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun