Məlum olduğu kimi, bu günlərdə bəzi marşrutlardakı avtobuslarda qadın sürücülər çalışmağa başlayıb. İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yeni təlim proqramı həyata keçirilib.
Proqram çərçivəsində xanım namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər.
İctimai nəqliyyatda avtobus sürücüsü kimi fəaliyyət göstərən qadın sürücülərin arasında müxtəlif ixtisas və peşə sahiblərinin olduğu açıqlanıb. Maraqlı məqam ondan ibarətdir ki, sürücü kimi işə başlayan Rəna Cəfərova ixtisasca müəllimdir.
Maraqlıdır, qadın müəllim niyə avtobus sürücüsü işləməyə qərar verdi?
“Müəllimlərin sertifikasiya prosesi, məktəblərin sayının azalması, onların üzərinə daha çox gedilməsi pedaqoqların sayının azalmasına təsir edəcək”
Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, müəllimlərlə bağlı vəziyyət göz önündədir, onlar sıxışdırılır. Bu vəziyyət isə onların müqəddəs peşədən daha da uzaqlaşmasına səbəb olacaq və müəllimlərin sayı azalacaq: “Müəllimlərin sertifikasiya prosesi, məktəblərin sayının azalması, onların üzərinə daha çox gedilməsi pedaqoqların sayının azalmasına təsir edəcək. Müəllimlərin bu peşədən uzaqlaşmaması üçün müəyyən addımlar atılmalıdır. Əks halda vəziyyət daha da pis olacaq. Düzdür, şəxs pedaqoji təhsil alsa da, kim harada istəyirsə işləyə bilər, sərbəstdir. Avtobus sürücüsü kimi işə başlayan xanım seçimində bunun uşaqlıq arzusunu olduğunu deyib. Arzusunun arxasınca getmək, onu reallaşdırmaq gözəl təşəbbüsdür. Qadınların avtobus sürücüsü kimi fəaliyyətə başlaması həm bu seqmentə olan etibar, inam və güvəni artıracaq, həm də sərnişinlər üçün ictimai nəqliyyatın avtobus seqmentini daha cəlbedici edəcək. Eyni zamanda, sürücü və sərnişinlər arasındakı davranışların müsbət istiqamətdə dəyişməsinə şərait yaradacaq. Azərbaycanda qadın avtobus sürücülərinin işə başlaması cəmiyyətin sosial inkişafında önəmli mərhələdir. Bu, həm gender bərabərliyinin praktik təzahürü, həm də müasir şəhər mədəniyyətinə uyğun tendensiyadır.
Ümumiyyətlə, xanım sürücülərin ictimai nəqliyyatda sükan arxasına keçməsi yeni bir layihə deyil. Tarixə nəzər salsaq görərik ki, dəmir yolu, tramvay və trolleybuslarda xanım sürücülər sükan arxasında olub. Bakı şəhərində yaşayanlar bunun şahidi olub. Bunun olması tamamilə normaldır. Yenidən Bakı yollarında hərəkət edəcək marşrutlarda xanım sürücülərin olması sevindirici haldır. Bu, sürücü-sərnişin münasibətlərində xeyli fərq edəcək. İstənilən sahədə qadın amili mühümdür. Belə olarsa, insanlar daha yığcam, sayğılı olmağa çalışacaq. İnsanlar sürücünün qadın olduğunu görüb, qarşı tərəfə hörmətlə yanaşacaq. Hər hansı bir məsələ ilə bağlı konfliktlər yaşanmayacaq”.
Günel Cəlilova,
"Bakı xəbər" qəzeti